Milli Parklar - qoruyaq ki, yaşatsınlar
29 İyun 2012 11:18
Yaşıllıqlar - milli sərvətimiz, həyat mənbəyimiz
Bir gün Orta Asiya ölkələri ilə bağlı sənədli filmə baxırdım. Ucsuz-bucaqsız səhralarda yaşayan insanların yaşamaq uğrunda mübarizəsindən bəhs edən səhnələr məni çox məyus etdi. Amma filmdən sonra yaşadığım Gəncə şəhərinə çıxıb gəzərkən gördüyüm yaşıllıqlar duyduğum məyusluğu fərəhlə əvəz etdi. Bir anlıq şükür etdim ki, nə yaxşı Vətənim yaşıllıqlardan ibarətdir...
Amma təəssüf ki, təbiətin bizə bəxş etdiyi bu zənginliyə vətəndaşlarımız yetərincə diqqət göstərmir, təbiəti yetərincə duymur... Hansı ki, bunun acı nəticəsini də biz yaşayırıq...
Bizim ekoloji maariflənməyə olduqca çox ehtiyacımız var...
XX əsrdə ekoloji məsuliyyətsizlik dünyanın əksər ərazilərində olduğu kimi, Azərbaycanda da biomüxtəlifliyə ağır zərbə vurub.
Bu səbəbdən müstəqil Azərbaycanda ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə bir çox sahələrdə olduğu kimi, ətraf mühitin qorunması sahəsində də mühüm addımlar atılmağa, bu istiqamətdə layihələr həyata keçirilməyə başladı.
Heydər Əliyevin 23 may 2001-ci il tarixli 485 saylı Fərmanı ilə ətraf mühitin qorunması və təbii ehtiyatlardan istifadənin ayrı-ayrı aspektləri ilə məşğul olan, fəaliyyətlərində qismən biri-birini təkrarlayan Dövlət Ekologiya və Təbii Ehtiyatlardan İstifadəyə Nəzarət Komitəsi, "Azərmeşə" İstehsalat Birliyi, Geologiya Komitəsi, "Azərbalıq" Dövlət Konserni və Dövlət Hidrometeorologiya Komitəsi ləğv edilərək onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradıldı. Nazirliyin yaradılması ilə Azərbaycanda xüsusi ekoloji zonaların qorunması istiqamətində kompleks tədbirlərin görülməsinə başlanıldı.
Bu tədbirlərin məntiqi davamı kimi 2003-cü ildə ilk dəfə Azərbaycanda milli park yaradıldı. Bu ənənə çərçivəsində həmin dövrdən başlayaraq Azərbaycanda təbiətin mühafizəsi ilə bağlı milli parkların və qoruqların sayı artırılıb və onların fəaliyyəti təkmilləşdirildi. Beləliklə, son 10 il ərzində ölkədə ümumilikdə 8 milli park yaradıldı.
Azərbaycan Respublikasının xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunda verilən tərifə görə, "Milli park xüsusi ekoloji, tarixi, estetik və digər əhəmiyyət daşıyan təbiət komplekslərinin yerləşdiyi, mühafizə, maarifçilik, elmi-mədəni və digər məqsədlər üçün istifadə olunan, təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik olan ərazilərdir".
Tərifdən də göründüyü kimi, belə parkların yaradılmasında əsas məqsəd həmin ərazidə ayrı-ayrı komponentlərin mühafizəsi, özünəməxsus iqlimə, relyefə və digər fiziki-coğrafi xüsusiyyətlərə malik olması, burada müxtəlif növ heyvanların, o cümlədən endemik növlərin qorunub saxlanması ilə yanaşı ekoloji monitorinqin həyata keçirilməsi, turizm üçün əlverişli şəraitin formalaşdırılmasından ibarətdir. Bütün bu amillər isə əhalinin ekoloji cəhətdən maarifləndirilməsinə bilavasitə xidmət edir.
Yeni yaradılmış, əsrarəngiz milli parklarımız
Hazırda Azərbaycanda mövcud olan 8 milli park ölkə ərazisinin 3 faizdən çoxunu təşkil edir. 11 iqlim qurşağından 9-nun mövcud olduğu Vətənimizin hər bir milli parkı zəngin biomüxtəlifliyə malikdir. Bu səbəbdən həmin 8 təbiət incisinə ayrılıqda səyahət etmək insan üçün hər dəfə yeni bir aləm açır.
Milli parkların ilki olan, akademik Həsən Əliyev adına Ordubad Milli Parkı 2003-cü ildə yaradılıb. Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda 12 min hektardan çox ərazidə salınan bu parkın ərazisinin çox hissəsi dağlıqdır. Ordubad Milli Parkında Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmiş 58 heyvan (35 onurğalı və 23 həşərat) və 39 bitki növü var. Milli Parkın ərazisində nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan fauna növlərindən Asiya bəbirini, dağ qoyunu-muflonu, bezoar keçini, Avropa tüvüyünü, ağ quyruq dəniz qartalını, berkutu, bəzgəyi göstərmək olar.
Qaradağ, Salyan, Neftçala rayonlarının inzibati ərazisinin 54 min hektarında yaradılan Şirvan Milli Parkı isə yarımsəhra landşafta malikdir. Ərazinin 4 min hektarını su hövzəsi təşkil edir. Qoruğun ornitoloji faunası çox zəngindir. Belə ki, su-bataqlıq ərazilərdə nadir və qiymətli köçəri quşlar qışlayır və yuva qurur (turac, bəzgək, dovdaq, qu quşları və s.). Məməlilərdən ceyran faunanın əsasını təşkil edir.
Ağcabədi və Beyləqan rayonlarının inzibati ərazilərinin payına Ağ-göl dövlət təbiət qoruğu və Ağ-göl dövlət təbiət yasaqlığının bazasında yaradılmış Ağ-göl Milli Parkı düşür. Buranın ornitoloji faunası çox zəngindir. Burada 140-dan çox quş növünə rast gəlmək olar, onlardan 89 növü bilavasitə yuva salan quşlardır. Məsələn, sultan toyuğu, ərsindimdik, qu quşları, fitçi və mərmər cürələr, bəzgək və s.
Növbəti dayanacağımız Hirkandır. 2004-cü ildə Lənkəran və Astara rayonlarının inzibati ərazisində yaradılmış Hirkan Milli Parkında üçüncü dövrün qədim relikt və endemik bitki növləri qorunur. Həmçinin Azərbaycanda yayılan 435 ağac və kol növünün 150-si Hirkan meşələrindədir. Meşələrdə Azərbaycanın "Qırmızı kitabı"na düşmüş Hirkan şümşadı, dəmirağac, şabalıdyarpaq palıd, Hirkan ənciri, Hirkan armudu, Xəzər lələyi, İpək akasiya, Qafqaz xurması, Hirkan bigəvəri, qızılağac və s., heyvan növlərindən bəbir, Talış qırqovulu, Hirkan arıquşu, qara leylək, berkut və s. var.
Xızı və Siyəzən rayonlarının inzibati ərazisində Altıağac Milli Parkı yerləşir. Milli Parkın ərazisinin 90%-ni enliyarpaq meşələr təşkil edir. Əsas ağac növləri palıd, Qafqaz vələsi, Şərq fıstığı, adi göyüş, ağcaqayın və s. təşkil edir. Ərazidə cüyür, ayı, qaban, vaşaq, yenot, tülkü, dovşan, dələ, canavar və s. heyvanlar məskunlaşıb.
Abşeron Milli Parkı isə Bakının Xəzər rayonunun inzibati ərazisində yaradılıb. Abşeron Dövlət Təbiət Yasaqlığı özü 1969-cu ilin iyul ayında ərazidə məskunlaşmış ceyranın, Xəzər suitisinin və su quşlarının qorunub saxlanılması məqsədilə yaradılıb. Ərazidə yarımsəhra və quru bozqırların mülayim-isti iqlim tipi hakimdir. Burada bitki örtüyünün növ tərkibi və fitokütləsi xeyli azdır, bitkilər ərazinin su və duzluluq rejiminə uyğun olaraq dəyişir. Dəniz sahilində qum bitkiləri, cığlıqamışlı və paz otlu çəmənliklər, birillik şoran otları və s. yayılıb.
Şahdağ Milli Parkına gəldikdə, o 2006-cı ildə Quba, Qusar, İsmayıllı, Qəbələ, Oğuz və Şamaxı rayonlarının inzibati ərazilərində yaradılıb. Şahdağ Milli Parkının yaradılmasında məqsəd çoxlu sayda endemik və nəsli kəsilməkdə olan növlər və transsərhəd köçəri heyvanlar da daxil olmaqla, qlobal əhəmiyyətli dağ meşələri və yüksək dağlıq ərazilərdə yerləşən otlaqlar ekosisteminin bərpası olub.
Azərbaycanın incisi olan Göygöl Milli Parkı xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsi, biomüxtəlifliyin qorunub saxlanılması, təbii resursların səmərəli istifadəsi, ekoturizmin inkişaf etdirilməsi məqsədi ilə yaradılıb. Göygöl Dövlət Təbiət Qoruğu 1925-ci ildə Azərbaycanda yaradılmış ilk qoruqdur. Buranın füsunkar təbiəti və təkrarolunmaz mənzərəsi dünyada məşhurdur. Milli Park statusunun verilməsi burada turizm infrastrukturunun inkişafına müsbət təsir göstərəcək. Buranın əsas hissəsinin relyefi üçün dərin dərələr, uzun suayırıcılar, müxtəlif meyillikli yamaclar səciyyəvidir. Ərazi müxtəlif çayların dərələri ilə xeyli parçalanıb. Ərazidə qışı quraq keçən soyuq iqlim və qışı quraq keçən mülayim-isti iqlim tipləri hakimdir.
Təqdimatdan göründüyü kimi, hər bir milli parkımızın qorunmasına ehtiyacı olan xeyli sayda fauna və flora nümunələri var. Ordubad Milli Parkında rast gəlinən Asiya bəbiri bütün Qafqazda nadir rast gəlinən növdür. Ağ-göl Milli Parkı isə öz nadir rəngarəng quş aləminə görə hətta YUNESKO-nun "Əsasən su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyətli olan Sulu-bataqlıq yerləri haqqında" Konvensiyasının siyahısına daxil edilib. Hirkan Milli Parkının meşələrində hər bir ağac öz nadirliyinə görə qiymətsizdir. Bütün bunlar, həmçinin qorunan ərazilərdə davranış qaydaları barədə milli parklara gələn şəxslərə ətraflı məlumat verilir. Bəs həmin ərazilərə daha çox təsir edən yerli əhali nə dərəcədəcə məlumatlıdır? Bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mütəmadi məlumatlar yayır, bukletlər hazırlayır. Lakin, dünyada mövcud olan təcrübə göstərir ki, bu istiqamətdə maarifləndirmə işlərini qeyri-hökumət təşkilatları, ictimai birliklər daha effektiv aparır, televiziyalar isə bunu sosial reklamlar vasitəsilə ictimaiyyətə çatdırır. Lakin Azərbaycanda hələ ki, televiziyaların ekoloji maarifləndirməyə yönəlmiş sosial reklamları yaymağa elə də həvəsli olmadığı göz qabağındadır.
İnsanın təbii beşiyi olan milli parkların turizm baxımından əhəmiyyəti
Qoruqlardan fərqli olaraq milli parkların üstünlüyü ondan ibarətdir ki, burada həm təbiət qorunur, həm də turistlərin əraziyə girmələri, təbiət ilə tanış olmalarına imkan yaradılır. Yəni artıq Azərbaycanda da ekoturizm adlanan turizm sahəsinin inkişafı üçün münbit şəraitin olduğunu deyə bilərik. Ekoturizm bu gün dünyada turizmin ən sürətlə inkişaf edən sahələrindən biri sayılır. Ekoturizm anlayışı təbiətə təsir etməməklə təbiət yerlərinə səyahət, təbiəti mühafizə fəaliyyətinin yerinə yetirilməsi, maarifləndirmə komponentlərini ehtiva edir və bu baxımdan, belə fəaliyyət xüsusi mühafizə olunan təbiət ərazilərinə zərər gətirmir, əksinə onun mühafizəsinə şərait yaradır. Digər turizm sahələrində turist hansısa meşə ərazisinə, qorunmayan sahəyə gedər, orada müəyyən fəaliyyət göstərər və bu tənzimlənmədiyi üçün təbiətə ziyan dəyə bilər. Amma bu ərazilərdə mühafizə işçiləri, turistlər üçün xüsusi marşrutlar, onların dincəlməsi üçün xüsusi yerlər olduğundan həyata keçirilən turizm xidməti tənzimlənir. Azərbaycan milli parklarının respublikanın müxtəlif ərazilərində, fərqli landşaftlarda yerləşməsi ölkəni ziyarət edən turistlərə müxtəlif ekoturlarda iştirak etməyə şərait yaradır.
Bu və ya digər obyektiv səbəblərdən Azərbaycanda milli parklara ekoturların təşkil edilməsinin cəmi 7-8 illik tarixi olmasına baxmayaraq, bu qorunan təbiət ərazilərinə artıq kifayət qədər insan axınını müşahidə etmək olar. Həmsöhbətim, Şirvan Milli Parkının rəhbəri Seymur Kərimov bildirdi ki, son illər parkın ərazisinə səfər edən turistlərin sayı dəfələrlə artıb. Onun sözlərinə görə, turistlər əsasən ceyranların təbii şəraitdə həyat tərzini seyr etməyə maraq göstərirlər, digərlərini isə bu parkın qonağı olan flaminqolar cəlb edir.
Artıq Azərbaycanın turizm potensialı dünyanın bir çox ölkələrində keçirilən sərgilərdə nümayiş olunur, ölkə daxilində ildən-ilə regionlara təşkil olunan turların sayı artır. Sözsüz ki, ekoloji turizmin inkişafı da bu istiqamətdə həm əcnəbi vətəndaşlara Azərbaycanın ecazkar təbiətini nümayiş etdirir, həm də yerli əhaliyə təbiətə daha məsuliyyətlə yanaşmağı aşılayır.
Onu da qeyd edək ki, MDB dövlət başçılarının bu il mayın 15-də Moskvada keçirilən qeyri-rəsmi sammitində 2013-cü ilin MDB ölkələrində "Ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili" elan olunması ilə bağlı qərar qəbul edilib. "Ekoloji mədəniyyət və ətraf mühitin qorunması ili" çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azərbaycanda isə artıq növbəti il üçün də konkret planlar var. Belə ki, Samur-Yalama Milli Parkının, Zaqatala Biosfer Rezervatının və Qızılağac Dənizkənarı Milli Parkının yaradılması nəzərdə tutulur. Təxmin etmək çətin deyil ki, növbəti il Azərbaycanın milli parklar timsalında ekoloji mədəniyyət və ətraf mühitin qorunması sahəsində əldə etdiyi təcrübədən bir sıra postsovet ölkələri də yararlanmağa çalışacaqlar.
Bu yazı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 22 İyul - Milli Mətbuat Günü ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.
/Trend/