Kəlbəcərdəki "İstisu" mineral suları necə istehsal edilir? - VİDEO - FOTO

30 Sentyabr 2024 18:55

"İstisu" mineral su zavodu uzun illər Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təməli 2022-ci il iyunun 26-da Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" mineral su zavodunda işlər 2024-cü ildə tam başa çatdırılıb.

Zavod müasir avtomatlaşdırılmış sudoldurma xətləri və robotlaşdırılmış anbar idarəetmə sistemləri ilə təchiz edilib. İstehsal xətləri Almaniyanın "Krones" şirkəti tərəfindən təchiz edilib və quraşdırılıb. Ən son texnologiyaların tətbiqi nəticəsində zavodda yüksəkkeyfiyyətli mineral su istehsal edilməklə yanaşı, suyun təbii xüsusiyyətlərini qoruyub saxlamaq da mümkün olub. "İstisu" zavodunun illik istehsal gücü 100 milyon şüşə butulkadan artıqdır.

"İstisu" mineral zavodunda bütün istehsal prosesi tam avtomatlaşdırılıb. Əvvəlcə boş şüşələr konveyer vasitəsilə dolum avadanlığına ötürülür. Əgər şüşədə hər hansı ləkə, qırıq, yad cism kimi nöqsan olarsa, sistem onu dərhal aşkarlayır və xətdən kənarlaşdırır.

Dolum avadanlığından çıxan şüşələr konveyer vasitəsilə etiketləmə aparatına ötürülür, sonra paketləmə avadanlığı tərəfindən paketlənir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonunda "İstisu" mineral su zavodunun açılışında iştirak ediblər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun