ABŞ davamlı inkişafa deyil, gücə diqqət yetirir - Ceffri Saksın "News.Az"-a müsahibəsi
Milli.Az Ceffri Saksın News.az-a eksklüziv müsahibəsində Amerikalı iqtisadçı, Kolumbiya Universitetinin Professoru və BMT-nin Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin Prezidenti Ceffri Saks zamanımızın bəzi aktual qlobal çağırışları barədə fikirlərini bölüşüb.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağın çətin tərəfləri, beynəlxalq əməkdaşlığa mane olan geosiyasi gərginlikləri idarə etmək məsələlərindən söhbət açan Saks diplomatiyanın zəruri əhəmiyyət kəsb etdiyini, dayanıqlı enerji və qlobal maliyyə institutları daxilində hərtərəfli islahatlardan bəhs edib. Hökumətlərə və beynəlxalq təşkilatlara konsultasiyalar təşkil etməklə bağlı zəngin təcrübəsi ilə Saks uzunmüddətli planlaşdırma və qlobal həmrəyliyin önəmini vurğulayaraq daha ədalətli və dayanıqlı dünya naminə öz mövqeyini bildirib.
Cənab Saks, siz yoxsulluq, iqlim dəyişmələri və davamlı inkişaf kimi qlobal problemlərin həllində fəal iştirak edirsiniz. BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində əsas maneələri nədə görürsünüz və irəliləyişləri sürətləndirmək üçün nə etmək olar?
- Üç əsas maneə var. Birincisi, bu problemlər mürəkkəbdir və uzunmüddətli hökumət planlaşdırmasını tələb edir. Bununla belə, hökumətlərin əksəriyyəti bu cür çətinliklərin öhdəsindən gəlməyə hazırlıqlı deyil. İkincisi isə qlobal siyasətdə güc toqquşmaları hökm sürür, xüsusən də ABŞ və Rusiya, ABŞ və Çin arasında. ABŞ qlobal davamlı inkişafa diqqət yetirmir; onun prioriteti qlobal dominantlıqdır. Üçüncüsü, qlobal idarəetmə institutları, xüsusən də qanunvericilik, icra və maliyyələşdirmə institutları çox zəifdir. Bu, BMT-nin keçən həftə qəbul etdiyi yeni "Gələcək üçün Paktı"nın əsas mesajı idi. Lakin ABŞ və digər ölkələrin daha geniş qlobal əməkdaşlıq çağırışına əməl edib-etməyəcəyi qeyri-müəyyən olaraq qalır.
-Sizin fəaliyyətiniz beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır. Mövcud geosiyasi gərginlik kontekstində iqlim böhranı və qlobal qeyri-bərabərlik kimi problemlərin həllində qlobal koordinasiya perspektivlərini necə görürsünüz?
- Əgər siyasi liderlər müdrik olsalar, onların uğurlarının qlobal əməkdaşlıqdan asılı olduğunu anlayarlar. Təəssüf ki, ABŞ son illərdə zəif idarə olunur və mən dərhal pozitiv dəyişikliklər baş verəcəyinə nikbin baxmıram. Onilliklər ərzində ABŞ istər Serbiya, Əfqanıstan, İraq, Suriya, Liviya, Ukrayna, Qəzza və Tayvan o cümlədən, ondan kənarda olan problemləri həll etmək üçün gücə arxalanıb. ABŞ sanki unutduğu diplomatiya sənətinini yenidən öyrənməlidir.
- Siz tez-tez iqlim dəyişmələri ilə mübarizə aparmaq üçün dayanıqlı enerji mənbələrinə keçidin zəruriliyindən bəhs edirsiniz. Dünya iqtisadiyyatlarının bu keçidə hazırlığını necə dəyərləndirirsiniz? Hansı ölkələr və ya regionlar bu sahədə liderdir?
- Dayanıqlı enerjiyə keçid istiqamətində əsas doğru addımlar aşağıdakılardır: (1) günəş, külək, hidro, nüvə və karbonun tutulması və saxlanması vasitəsilə sıfır karbonlu enerji istehsalı; (2) geniş coğrafi bölgələrdə sıfır karbon enerjisini inteqrasiya edən regional enerji bazarları: (3) regional bazarları dəstəkləmək üçün uzun məsafəli elektrik ötürülməsi; (4) bütün nəqliyyat növlərinin, o cümlədən gəmiçilik və ağır nəqliyyat vasitələri üçün yaşıl hidrogenin elektrikləşdirilməsi və (5) polad istehsalı kimi sənaye sahələri üçün hidrogen əsaslı iqtisadiyyat. Bütün bu texnologiyalar indi kommersiya baxımından əlverişlidir və geniş miqyasda həyata keçirilə bilər. Bizə təcili olaraq uzunmüddətli milli və regional planlar, həmçinin maliyyələşmənin əhəmiyyətli dərəcədə artırılması lazımdır. Lakin bu praktiki addımlar hələ də tam olaraq yerinə yetirilməyib.
- Siz son vaxtlar Beynəlxalq Valyuta Fondu və Dünya Bankı kimi beynəlxalq maliyyə qurumlarının fəaliyyətini tənqid etmisiniz. Sizin fikrinizcə, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına daha yaxşı xidmət göstərmək və qlobal iqtisadi problemləri daha effektiv həll etmək üçün onlarla bağlı hansı islahatlar aparımalıdır?
-Beynəlxalq Valyuta Fondu və Dünya Bankının əsas rolu qlobal maliyyə strukturu ilə bağlı islahatlar aparımasından ibarət olmalıdır ki, bununla da inkişaf etməkdə olan ölkələr yüksək keyfiyyətli maliyyələşdirmə əldə edə bilsin. Bu, uzunmüddətli ödəmə fürsətləri (30 il və ya daha çox) və münasib faiz dərəcələri deməkdir ki, bu da ölkələrə aşağı riskli premiumda, investisiya səviyyəli şərtlərlə borc götürmək imkanı verir. Xüsusilə Beynəlxalq Valyuta Fondu bu məqsədə diqqət yetirməlidir, lakin qurum hal-hazırda qlobal maliyyə islahatları ilə yetəri qədər məşğul deyil.
-Siz ifrat yoxsulluğun aradan qaldırılması üzrə strategiyaların əsas təbliğatçılarından biri olmusunuz. İqtisadi böhranlara və COVID-19 pandemiyasının təsirinə baxmayaraq, dünyanın hələ də bu məqsədə çata biləcəyinə inanırsınızmı? Bunu reallaşdırmaq üçün hansı addımlar atılmalıdır?
- İfrat yoxsulluğun aradan qaldırılmasının əsas yolları tam aydındır: keyfiyyətli təhsili beynəlxalq səviyyədə əldə etmək fürsəti, elmi-tədqiqat və inkişafı təşviq edən elmə əsaslanan milli siyasət, yüksək keyfiyyətli infrastruktur (yollar, dəmir yolları, enerji, su və kanalizasiya sistemləri daxil olmaqla) və həm regional, həm də qlobal inteqrasiya üçün açıq ticarət və maliyyə. Bütün bunlar daha kasıb ölkələrin uzunmüddətli kapitala çıxışını təmin etmək üçün sülh və qlobal maliyyə islahatları ilə dəstəklənməlidir.
-Siz bu yaxınlarda münaqişələrin və sanksiyaların uzunmüddətli iqtisadi nəticələrini müzakirə etdiniz. Sizcə, Ukraynadakı müharibə kimi hazırkı geosiyasi münaqişələrin iqtisadi və humanitar təsirlərini necə azaltmaq olar?
- Bu təsirləri minimallaşdırmağın yalnız bir yolu var - müharibələri bitirmək və diplomatiyaya qayıtmaq. Ukraynadakı müharibə ABŞ-ın NATO-nu Ukrayna və Gürcüstanda genişləndirmək üçün amansız və yalnış cəhdinin nəticəsidir. ABŞ başqaları tərəfindən idarə edilməkdən qaçmaq üçün başqalarına dominantlıq (hökmranlıq) etməli olduğuna,"zero-sum mentality (sıfır nəticəyə yönəlik düşüncəyə)" inanır (yəni bir tərəfin qalib gəlməyi üçün mütləq digər tərəf uduzmalıdır düşünür). Bu primitiv ideologiya sülh və əmin-amanlıqdan çox, bitmək bilməyən müharibələrə səbəb olur.
- Siz 21-ci əsr üçün ətraf mühit və sosial faktorları nəzərə alan yeni iqtisadi modelin zəruriliyini vurğuladınız. Ölkələr iqtisadi artımı və ekoloji davamlılığı öz milli strategiyalarına necə inteqrasiya edə bilər?
Əsas odur ki, yerli, milli və regional strategiyaların mərkəzində dayanıqlı inkişafı hədəfləyən 2050-ci il strategiyaları yaradılsın. 2050-ci ilə qədər məqsəd geniş yayılmış rifah, sosial inklüzivlik və ekoloji dayanıqlılıq olmalıdır. Ölkələr və regionlar 2050-ci ildə bu məqsədlərə çatmaq üçün strategiyalar müəyyən etməlidirlər. Bu, ilk növbədə təhsil, elm, təmiz enerji, infrastruktur və rəqəmsal platformalara nəhəng dövlət sərmayələri ilə bərabər qonşu ölkələrlə sülh, əməkdaşlıq və birgə investisiyaları əhatə edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun