Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnara Xəlilova Norveçdə eyni adlı kolleksiya əsasında "Xarıbülbül" foto layihəsini reallaşdırıb.
Bu layihə musiqiçi, fotoqraf və dizaynerin istedadını birləşdirərək Norveçlə Azərbaycan arasında mədəni dialoqun körpüsünə çevrilib.
"Qədim milli incəsənətin və Qarabağın təbliğinə yönəlmiş "Xarıbülbül " kolleksiyası əvvəllər Norveçdə və bir sıra beynəlxalq podiumlarda təqdim olunub. Bundan sonrakı təbliğat məqsədilə biz bu layihəni Azərbaycan əsilli tanınmış norveçli fotoqraf Fariz Nadir Rzayev və onun həyat yoldaşı, pianoçu Aida Ramazanova ilə model kimi həyata keçirmək qərarına gəldik. Fotosessiya Oslonun mərkəzi rayonlarında, o cümlədən Bjorvika, Barcode və Oslo Opera House damında keçirilib", - deyə Gülnarə Xəlilova bildirib.
Oslonun müasir memarlığını əks etdirən əsərləri ilə məşhur olan Fariz qeyd edib ki, onun məqsədi Skandinaviya memarlığı ilə Gülnarə Xəlilovanın hazırladığı ənənəvi Azərbaycan geyimləri arasındakı kontrastı nümayiş etdirmək olub.
"Tanınmış dizayner Gülnarə Xəlilova mədəni irs elementləri ilə ahəngdar şəkildə yaradan milli geyimlərin müasir yaradılması ilə beynəlxalq səviyyədə məşhurlaşıb", - deyə fotoqraf qeyd edib. Qeyd edək ki, Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə Moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.