Nyu-Yorkda COP29-un BICFIT təşəbbüsünə dair müzakirələr baş tutub

28 Sentyabr 2024 20:33

27 sentyabr 2024-cü il tarixində Nyu York şəhərində COP29 Sədrliyinin Yüksək Səviyyəli Çempionunun, İqlim Fəaliyyəti üzrə Qlobal Təşəbbüslər Qrupunun və Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin birgə təşəbbüsü ilə İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsündə (BICFIT) özəl sektorun roluna həsr edilmiş yan tədbir təşkil edilib.

Tədbirin açılış hissəsində COP29 Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai və COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov COP29 Sədrliyinin BICFIT təşəbbüsünə dair ətraflı məlumat verib.

Tədbir çərçivəsində iki panel təşkil edilib və BMT-nin Ticarət və İnkişaf Təşkilatının (UNCTAD) Nyu-York Ofisinin rəhbəri Juan Jose Martine Badillonun moderatorluğu ilə "İqlim maliyyəsi, investisiya və ticarət neksuku: qlobal, regional və milli platformalar" mövzusunda təşkil edilmiş paneldə BMT-nin Baş Assambleyasının 73-cü Prezidenti, Ekvadorun keçmiş Xarici İşlər Naziri Maria Fernanda Espinoza, Dünya Bankının İqlim Dəyişmələri Qrupunun meneceri Sudharşan Canaqaraja, Beynəlxalq Valyuta Fondunun keçmiş İcraçı direktoru, Misirin keçmiş İnvestisiya naziri, 2030 gündəliyinin maliyyələşdirilməsi üzrə BMT-nin xüsusi elçisi Mahmud Mohieldin və hazırda iqlim üzrə çoxtərəfli inkişaf banklarının əlaqələndiricisi olan Asiya İnkişaf Bankının Prezidentinin baş müşaviri Tomoyuki Kimura fikir mübadilələri aparıblar və BICFIT-in vaxtında irəli sürülmüş qlobal səviyyədə böyük ehtiyac duyulan innovativ təşəbbüs olduğunu vurğulayıblar.

Daha sonra BMT-nin İnkişaf Proqramının Dayanıqlı Maliyyə Habının rəhbəri Tomas Beloenun moderatorluğu ilə "İnklüziv iqlim maliyyəsinin təmin edilməsi" mövzusu üzrə ikinci panel təşkil edilib və Avropa Yenidənqurma və İnkişaf Bankının İqlim Strategiyası bölməsinin rəhbəri Jianpiero Naci, "Fortescue Metals and Fortescue Future Industries" şirkətinin direktorlar şurasının üzvü Jan Baderşneyder, Veritas Qrup şirkətinin dayanıqlılıq bölməsinin rəhbəri Laura Mandro, ABŞ-da yerləşən strateji və beynəlxalq məsələlər üzrə beyin mərkəzinin direktoru Nuam Unjer və Bil and Melinda Qeyts Fondunun nümayəndəsi Mat Eldriq fikir mübadilələri aparıblar və iqlim maliyyəsində innovativ yanaşmaların müyyən edilməsində və qlobal dekarbonizasiya prosesində BICFIT-in mühüm rol oynaya biləcəyindən bəhs ediblər.

Hər iki panellərin sual-cavab hissələrində də fəal müzakirələr aparılıb və tədbir iştirakçıları vurğulayıblar ki, bu qlobal təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, ilk dəfə iqlim maliyyəsi, investisiya və ticarət bir araya gətirilir və bu COP29 Sədrliyi tərəfindən dünya üçün vacib qlobal irs yaradacaqdır.

Tədbirin sonunda təşkilatçılar tərəfindən həmçinin vurğulanıb ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvi hələ XII əsrdə insanlarla təbiət arasında mütləq şəkildə harmoniyanın olmasını, əks təqdirdə isə bəşəriyyətin özünü məhv edəcəyi fikrini öz əsərlərində təbliğ edib və bu baxımdan təsadüfi deyil ki, Beynəlxalq Nizami Gəncəvi Mərkəzi bu tədbirin həmtəşkilatçısıdır və bu gün Azərbaycanın qlobal gündəlik üçün təklif etdiyi BICFIT təşəbbüsü də məhz bu hədəfə xidmət edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun