27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz çərçivəsində təşkil olunan İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə həsr olunmuş qeyri-rəsmi nazirlər dialoqunda iştirak və çıxış edib.
XİN-dən Milli.Az-a bildirilib ki, nazirlər dialoqunda, həmçinin Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş prezidenti Muxtar Babayev və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iştirak və çıxış edib.
Eyni zamanda, tədbirə müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələri, habelə COP29 üzrə danışıqçılar qruplarının üzvləri qatılıb.
Nazir Ceyhun Bayramov çıxışında Azərbaycanın COP29 sədrliyi fəaliyyəti, prioritet və təşəbbüslərindən, habelə İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırıması istiqamətində aparılan danışıqlar prosesindən ətraflı bəhs olunub.
COP29 sədrliyimiz çərçivəsində aparılan danışıqlar prosesində ölkəmizin inklüzivlik və əməkdaşlıq çərçivəsində prosesin bütün maraqlı tərəfləri ilə yaxından çalışdığı diqqətə çatdırılıb. İqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitinin cəlbinin vacibliyini nəzərə alaraq, özəl sektor, habelə çoxtərəfli maliyyə institutlarının iştirakı ilə bütün resursları səfərbər etməyin və Qlobal Cənubun iqlim dəyişikliyinə qarşı mübarizə səylərinin dəstəklənməsinin əhəmiyyəti vurğulanıb.
İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinin razılaşdırılmasının prosesin ən vacib elementlərindən biri olduğunu qeyd edən nazir Ceyhun Bayramov, bu istiqamətdə danışıqlarda iştirak edən bütün tərəfləri konstruktiv mövqe sərgiləyərək bəşəriyyətin qarşısında duran iqlim dəyişikliyi təhdidi ilə mübarizə istiqamətində səylərin səfərbər edilməsinə çağırış edib.
COP29 sədrliyimizin 14 əsas təşəbbüs və bəyanlar ilə müəyyən olunmuş məqsədləri dəstəkləməklə yanaşı, onlara çatmaq üçün müvafiq alətlərin də təmin olunmasına fokuslandığı bildirilib. İqlimə əsaslanan inkişafın dəstəklənməsi yanaşmamızın, xüsusilə ən həssas təbəqələri nəzərə aldığı vurğulanıb.
Nazirlər dialoqu, İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi üzrə müzakirələrin aparılması ilə davam etdirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun