Zaxarovanın bu türk dövlətinə girişinə qadağa qoyulacaq?

28 Sentyabr 2024 11:13

Özbəkistanın Ekologiya Nazirliyi rəhbərinin müşaviri Rasul Kuşerbayev Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarovanın Özbəkistanda persona non qrata elan edilməsini təklif edib. Buna səbəb onun respublikadakı məktəblərin birində rusdilli oğlanın müəllimə tərəfindən döyülməsi ilə bağlı verdiyi açıqlama olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Anhor.uz yazır.

"Biz heç vaxt Rusiyanın daxili işlərinə, xüsusən də Rusiya məktəblərində baş verənlərə qarışmamışıq. Bu, Rusiyanın tamamilə daxili məsələsidir. Buna görə də, Rusiya XİN nümayəndəsi Mariya Zaxarovanın Daşkənd məktəbində baş vermiş insidentlə bağlı Özbəkistanın daxili işlərinə müdaxiləsi sadəcə təsadüfi bir bəyanat deyil", - Kuşerbayev bildirib.

Xatırladaq ki, daha əvvəl internetdə Daşkənddə bir müəllimin məktəblini rus dilində dərsi izah etməyi xahiş etdikdən sonra onu döydüyü video yayılıb. Bundan sonra Rusiya Özbəkistandan insidentlə bağlı rəsmi açıqlama tələb edib. Moskva, həmçinin Daşkəndi baş verənlərə hüquqi qiymət verməyə və bununla bağlı tədbirlər görməyə çağırıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun