"Hizbullah" təşkilatının lideri və onun qurucularından biri olan Həsən Nəsrullah öldürülüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusu (İDF) və İsrail Təhlükəsizlik Orqanları məlumat yayıb.
"İsrail hava qüvvələrinin (İAF) döyüş təyyarələri Beyrutun Dahiya bölgəsində yaşayış binasının altında yerləşən "Hizbullah" təşkilatının Mərkəzi Qərargahına hədəfli zərbə endirib. Zərbə nəticəsində "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullah və təşkilatın digər komandirləri həlak olublar", - İsrail Müdafiə Ordusu (İDF) açıqlayıb.
Qeyd olunub ki, Həsən Nəsrullahın başçılıq etdiyi "Hizbullah" təşkilatı İsrail dövlətinə qarşı müharibəyə qoşulub.
-------
08:59
İsrailin qiymətləndirməsinə görə, terror qruplaşması Hizbullahın rəhbəri Həsən Nəsrullah Beyrutdakı yeraltı qərargahına endirilən hava zərbəsi nəticəsində öldürülüb.
Bu barədə "Tayms of İsrail" yazıb.
Kan TV-də Nəsrullahın öldürüldüyünü elan edib.
Qeyd edək ki, Həsən Nəsrullahın və ailə üzvlərinin öldüyü haqda məlumat yayılsa da, hələlik rəsmi təsdiq olunmayıb.
* * *
İsrail ordusu "Hizbullah"ın Livanın cənubundakı raket bölməsinin komandanının, eləcə də bir sıra komandirlərinin öldürüldüyünü açıqlayıb.
* * *
The Telegraph-ın İsrail rəsmisinə istinadən verdiyi məlumata görə, Baş nazir Benyamin Netanyahunun BMT Baş Assambleyasındakı çıxışı manevrin bir hissəsi olub. Bu addım Hizbullah lideri Həsən Nəsrullahı Netanyahu ABŞ-da olarkən İsrailin ciddi hərbi əməliyyatlar planlaşdırmadığına inandırmaq məqsədi daşıyırdı.
Bundan əlavə, son saatlarda İslam İnqilabı Keşikçiləri Korpusunun Əməliyyat Komandanlığı komandirinin müavini, iranlı briqada generalı Abbas Nilforuşanın Hizbullahın baş qərargahına endirilən zərbə zamanı öldürüldüyü barədə məlumatlar yayılıb.
* * *
Rusiya, İran və Türkiyə xarici işlər nazirləri İsrailin Livana aviazərbələrini pisləyib və bunu beynəlxalq hüququn kobud şəkildə pozulması adlandırıblar.
* * *
27.09.2024
21:34
İsrail ordusu Beyrutda "Hizbullah"ın mərkəzi hərbi qərargahına zərbə endirib, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.
İsrail ordusu Livanla sərhəddə, Dəməşq vilayətindəki Suriya hərbi obyektinə zərbə endirib, bu barədə Suriya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, beş suriyalı hərbçi həlak olub.
Beyrutda onlarla ölü və yaralı var. Təcili yardım maşınları uçmuş binalara çatmağa çalışır.
Bəzi məlumatlara görə, zərbələr zamanı "Hizbullah" hərəkatının lideri Həsən Nəsrullah zədələnə bilərdi.
Zərbələr zamanı İsrail anti-bunker bombalarından istifadə edib.
Beyrutda - Dahiya şiə bölgəsində ondan çox partlayış baş verib, Livanın "Al-Məydan" telekanalı xəbər verir. Livan paytaxtının mərkəzində partlayışların gücündən maşın siqnalizasiyaları işə düşüb, küçələrdə insanlar arasında panika yaranıb.
Sosial şəbəkələrdə Beyrutun cənub ətrafında tüstü sütunlarının fotoları və videoları yayılır.
İsrail mənbələri Həsən Nəsrullahın yaxın qohumu və "Hizbullah"ın baş direktoru Hişam Səfi əd-Dinin məhv edilməsi barədə məlumatı təsdiqləyiblər.
Ərəb mənbələri Beyrutun şiə bölgəsinə endirilən bomba zərbəsi nəticəsində yüzlərlə yaralı və ölənlərin olduğunu bildirirlər.
"Reuters" agentliyi Həsən Nəsrullahın ölümünə dair məlumatları təkzib edir.
Həsən Nəsrullah təhlükəsiz yerdədir və İsrail KİV-lərinin onun ölümünə dair yayılan xəbərləri həqiqəti əks etdirmir.
Bu barədə "Təsnim" xəbər verir.
İsrail Hərbi Hava Qüvvələri Livan şiə hərəkatı "Hizbullah"ın lideri Həsən Nəsrullahı məhv etməyə çalışaraq Beyruta zərbələr endirib, lakin bu cəhd uğursuz olub, deyə "Al-Arabiya" telekanalı xəbər verir.
Hücum zamanı və Dahiya bölgəsində binaların çökməsi nəticəsində 100-dən çox insan həlak olub.
Beyrutdakı hücumun məqsədi "Hizbullah" lideri Həsən Nəsrullah olub. Bu barədə "Fox News" xəbər verir. İsrail xüsusi xidmət orqanları "Hizbullah"ın baş katibinin Dahiya bölgəsindəki yeraltı komanda qərargahında olub-olmadığını yoxlayırlar.
Cari Beyrut hücumu Yaxın Şərqdəki münaqişənin yeni mərhələsi başlayandan bəri ən genişmiqyaslı hücumdur. Müşahidəçilərin fikrincə, İsrail və Livan genişmiqyaslı döyüş əməliyyatlarının fəal mərhələsinə qədəm qoyurlar.
Milli.Az