"Yuxuda gördüm ki, itirdiyim ayağım yerindədir, oyananda qələbə xəbərini eşitdim"

27 Sentyabr 2024 18:20

Sentyabrın 27-də işğalçı Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı əks-hücum əməliyyatı və ordumuzun göstərdiyi qəhrəmanlıq İkinci Qarabağ müharibəsinin taleyini Azərbaycanın xeyrinə həll etdi. 44 gün davam edən döyüşlərdə silahlı qüvvələrimiz beş şəhəri, dörd qəsəbəni və 286 kəndi düşmən işğalından azad etdi. Noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatla Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə mərhələli şəkildə ölkəmizə qaytarıldı. Beləliklə, Vətən müharibəsi Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsi ilə başa çatdı. Təbii ki, dövr nə qədər dəyişsə də, yeni texnologiyalar meydana çıxsa da, müharibənin taleyini yenə də insan amili həll edir. Ona görə də heç bir müharibə itkisiz ötüşmür. Azərbaycanın haqlı davasında qələbə qazanmasının əsas pay sahibləri də əzmkarlıqla döyüşən, qazilik və şəhidlik mərtəbəsinə yüksələn qəhrəmanlardır.

Bu qələbədə pay sahibi olanlardan biri də qazi Kənan Kərimlidir. Milli.Az bildirir ki, o, mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb.

- Kənan bəy, düzdür, müharibənin üzərindən dörd il keçsə də, bu tarixi anları unutmaq heç vaxt mümkün deyil. Ona görə də bir qədər keçmişə qayıtsaq, zənnimcə, daha məqsədəuyğun olar. Yəni müharibənin başlaması və döyüşlərə qatılmağınızı necə xatırlayırsınız?

- 2020-ci ilin 27 sentyabrında müharibə başlayanda Füzuli istiqamətində döyüşlərə qatılmışam. Təbii ki, müharibə asan bir şey deyil. Müharibədə həyəcan da var, qorxu da. Lakin biz qarşımıza məqsəd qoymuşduq ki, 30 il həsrətində olduğumuz torpaqlarımızı azad etməliyik. Ona görə də ərazilərimizi işğaldan azad etdikcə qorxu və həyəcanımız da yoxa çıxırdı. Lakin o da məlumdur ki, heç bir müharibə itkisiz olmur. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.

- Hansı ərazilərdə döyüşmüsünüz və necə oldu ki, yaralandınız?

- Mən Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanmışam. Öz qrupumuz ilə döyüşdüyümüz istiqamətdən geri qayıdıb başqa bir istiqamətdə döyüşlərə qatılacaqdıq. Geri dönərkən ermənilər tərəfindən minaatanlardan atəşə tutulduq, yaralandım. Sağ ayağım dizdən yuxarı amputasiya olunub. Həmçinin, kürəyimdən aldığım qəlpə yarası bel sümüyümü sındırıb, üç qabırğam qırılıb. Ağciyərim deşilib, sol tərəfdən isə sinirlərim yanıb.

- Müharibədən danışmaq və onu təfərrüatla izah etmək, məlum məsələdir ki, çox çətindir. Xüsusən də döyüşlərdə iştirak edən biri üçün. Lakin bir neçə cümlə ilə ifadə etsək, müharibə sizin üçün necə yadda qaldı?

- Oktyabrın 1-i, yəni döyüşlərin beşinci günündə yaralanmağım mənə ən pis təsir edən hadisə oldu. Çünki tez yaralanmağım döyüşlərdən tez uzaqlaşmağım demək idi. Kaş tez xəsarət almazdım və digər döyüş yoldaşlarım kimi daha çox irəli getmək, sona qədər döyüşmək mənə qismət olardı. Amma hər günümüzə şükür etmək lazımdır. Çünki istənilən halda ərazi bütövlüyümüz bərpa edilib.

- Döyüşlərdə hər kəsin məqsədi bir olsa da, fərdi olaraq da, yəqin ki, ümdə prinsiplər olur. Sizin üçün əsas məqsəd nə idi?

- Bizim bir məqsədimiz var idi. O da neçə ildir həsrətini çəkdiyimiz torpaqlarımızı işğaldan azad etmək. Çox şükür ki, şəhidlərimizin, qazilərimizin sayəsində buna nail olduq və haqq-ədalət nəhayət öz yerini tapdı.

- Əvvəlki sualı verməkdə məqsədim həm də müharibədənkənar məqamlarla bağlı idi. Yəni döyüşlərdə sağ qalmaq, yolunuzu gözləyənlərə qovuşmaq və digər bu kimi amillər... Bu düşüncələrlə baş-başa qalanda nə hisslər keçirirdiniz?

- Əlbəttə ki, müharibə asan bir şey deyil. Biz oradan ya şəhid kimi qayıdacaqdıq, ya da qazi. Əsas məqsədimiz ölmək yox, öldürmək idi. Nə xoş mənə ki, torpaqlarımızın işğaldan azad edilməsində az da olsa payım oldu. Ona görə də heç nəyə görə peşman deyiləm. Nə müharibəyə getdiyim, nə də yaralandığım üçün təəssüflənirəm. Yenə müharibə olsa, yenə də gedib ölkəm və xalqım üçün döyüşərəm. Çünki məqsəd torpaqlarımızı düşmən tapdağından azad etmək, neçə illik həsrəti aradan qaldırmaq olanda doğmalar da, yaxınlar da ikinci plana keçirlər. Çünki mənim üçün Vətən hər şeydən öndə gəlir.

- Qələbə xəbərini eşidəndə təəssüratınız necə oldu?

- Mən özüm oktyabrın biri yaralamışam. Qələbə xəbərini eşidəndə xəstəxanada idim, müalicə alırdım. Qələbə günü yuxuda gördüm ki, digər ayağım kimi, itirdiyim ayağım da sağ-salamat, yerindədir. Yuxudan oyananda Azərbaycan Dövlət Televiziyasında gördüm ki, cənab Prezident xalqa müraciət edir. Şuşanın azad edilməsi və qısa müddət sonra qələbə qazanmağımızla bağlı xəbərləri eşidəndə, təbii ki, çox sevindim. Bir gözüm şəhidlərimizə görə kədərdən, bir gözüm isə Qarabağı azad etdiyimiz üçün sevincdən ağlayırdı.

- Tarixi müharibədən dörd il ötüb. Bu müddət sizin üçün necə keçib, həyatınızda nələr dəyişib?

- Ali Baş Komandan tərəfindən "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "İgidliyə görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişəm. Bundan əlavə, məni ev və maşınla təmin ediblər. Müalicələrim də öz axarında davam edir. Bundan sonra da ancaq irəli baxmaq lazımdır. Necə ki, 30 il həsrətində olduğumuz əsas məqsədimizə çatdıq, bundan sonra da vətənimiz və özümüzlə bağlı məqsədlərimizə nail olmaq üçün çalışmağa davam edəcəyik.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun