İranda əqli viran olanların erməni “eşqi”: hədəfdə Bakıdır

27 Sentyabr 2024 16:12

Azərbaycanla İran qonşu dövlətlər olaraq tarixi, coğrafi və mədəni bağlara malikdir. Bu iki ölkə arasında münasibətlərin dərinləşməsi həm regional sabitlik, həm də iqtisadi inkişaf baxımından böyük önəmə malikdir.

Son illərdə Azərbaycan İranla münasibətlərdəki müəyyən gərginliyi aradan qaldırmaq üçün bir sıra addımlar atıb, müxtəlif sahələrdə əməkdaşlığı artırmağa çalışıb.

Belə ki, Azərbaycan və İran arasında ticarət dövriyyəsi son dövrlərdə yenidən artmaqdadır. 2023-cü ilin sonunda iki ölkə arasındakı ticarət dövriyyəsi təxminən $1,4 milyard ABŞ dolları təşkil etmişdi. Bu, əvvəlki illərə nisbətən nəzərəçarpan artımdır və hər iki tərəfin iqtisadi əlaqələri daha da gücləndirmək istəyi ilə bağlıdır.

Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz Boru Kəməri vasitəsilə öz təbii qazını İran üzərindən üçüncü ölkələrə çatdırmağa çalışır. Bu əməkdaşlıq həm Azərbaycanın qaz ixracını genişləndirmək, həm də İranla enerji sahəsində strateji tərəfdaşlığı gücləndirmək məqsədi daşıyır.

Azərbaycan və İranın əməkdaşlıq etdiyi əsas sahələrdən biri də nəqliyyat və loqistika sahəsidir. Şimal-Cənub Nəqliyyat Dəhlizi layihəsi bu əməkdaşlığın əsas sütunlarından biridir. Bu dəhliz İran vasitəsilə Hindistan, Rusiya və Avropa ölkələri arasında ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyır. Layihə Azərbaycanı tranzit ölkəyə çevirir və regionun iqtisadi inkişafına müsbət təsir göstərir.

2024-cü ildə Azərbaycan İran ilə dəhliz vasitəsilə nəqliyyat həcmini artırmaq üçün yeni müqavilələr imzalayıb. Bu müqavilələr çərçivəsində iki ölkə arasında yüklərin daşınma həcmi 30% artıb. Nəqliyyat sahəsində bu cür əməkdaşlıq həm regional ticarətin həcminin artmasına, həm də yeni iş yerlərinin yaranmasına şərait yaradır.

Azərbaycan və İran regional təhlükəsizlik məsələlərində də əməkdaşlıq etməyə çalışırlar. Azərbaycan İranla sərhəd təhlükəsizliyinin təmin olunması və bölgədə sabitliyin qorunması məqsədilə sıx dialoq aparır.

Xatırladaq ki, 2024-cü ildə hər iki ölkə arasında bir neçə yüksək səviyyəli görüş keçirilib, terrorizm və narkotik qaçaqmalçılığı ilə mübarizə məsələləri müzakirə olunub.

Azərbaycan və İran arasında təhlükəsizlik sahəsində əməkdaşlıq xüsusilə Cənubi Qafqaz bölgəsindəki münaqişələrin həlli baxımından vacibdir. Hər iki ölkə bölgədə sülhün və sabitliyin qorunmasına xüsusi diqqət yetirir və bu sahədə birgə səylər göstərir.

Fəqət, bütün bunlara rəğmən, İranda bəzi qüvvələr aşkar anti-Azərbaycan mövqe tutaraq dövlətimizə qarşı tamaməmilə əsassız, absurd ittihamlarla çıxış edir, Ermənistana tam və total dəstək verərək İrəvanı az qala "Cənubi Qafqazda təhlükəsizliyin yeganə amili" elan edirlər.

Bakıya qarşı "hucum"lar bir sıra müstəvidə aparılır.

İrandakı anti-Azərbaycan mövqeli qüvvələr arasında bəzi kütləvi informasiya vasitələri də yer alıb. Məsələn, "Tasnim" xəbər agentliyi Azərbaycana qarşı yönəlmiş materiallar dərc etməyi artıq rutin hala çevirib.

Agentlik son analitik materiallarından birində iddia edib: "Azərbaycanın İsraili dəstəkləməsi və Türkiyə ilə hərbi razılaşmalar İranın təhlükəsizliyini zəiflətməyə yönəlib." Agentliyin analitikləri açıq şəkildə bildirmişlər ki, Bakı "Qərbin və Təl-Əvivin marionetkası"na çevrilir.

"Əl Alam" telekanalı və xüsusilə də bu telekanalın aparıcısı Mənsur Hakimi erməpipərəst ritorikası ilə tanınır. Məsələn, Mənsur Hakimi öz efirində bildirmişdi: "Azərbaycan İranın cənub sərhədlərində aqressiv siyasət yürütməyə davam edir, eyni zamanda İsrail və Türkiyə ilə hərbi əlaqələri regionun sabitliyini pozur". Bu bəyanat İran auditoriyası tərəfindən geniş reaksiya doğurmuş və anti-Azərbaycan təbliğatının növbəti dalğasının əsasını təşkil etmişdi.

Qafqaz məsələləri analitik, qatı ermənipərəst, Azərbaycana qarşı düşmən mövqeyi ilə seçilən Ehsan Mohǝvvədian "İran Diplomacy" resursunda dərc olunmuş məqaləsində iddia edir ki, sən demə, Azərbaycanın "əsl hədəfi Cənubi Ermənistan ərazisində hərbi əməliyyatların növbəti mərhələsini həyata keçirməkdir, çünki Azərbaycan sülh yolu axtarmaq yerinə, hərbi qüdrətini artırmaq, regionda qeyri-stabillik yaratmaqdadır": "Azərbaycan Ermənistanı revanşizmdə günahlandırır və iddia edir ki, yalnız Ermənistan müxalifləri deyil, dövlətin özü ikinci Qarabağ müharibəsinin nəticələrinə gör intiqam almaq niyyətindədir. Halbuki, Ermənistan dəfələrlə Bakı ilə sülh istədiyini bildirib".

İsfahan və İranın cənubundakı ermənilərin parlamentdəki nümayəndəsi Gehard Mansuian  ümumiyyətlə, siyasi marazma qapılıb: " Bakıda indi Ermənistanın torpaqlarını işğal etməkdən, Zəngəzur dəhlizini təsis edib böyük Turan qurmaqdan danışırlar".

İranın daxili siyasətinə gəldikdə, ölkə parlamentinin keçmiş sədr müavini, Azərbaycana qarşı təxribat xarakterli çıxışları ilə tanınan Əli Motahari ifrat aktivdir. Son müsahibələrindən birində o, "Türkiyə və Azərbaycan etnik separatizmi dəstəkləməklə İranı qeyri-sabitləşdirməyə çalışır" deyib və Azərbaycanı "Qərbin maraqlarına xidmət etməkdə" ittiham edərək Bakı ilə bağlı antagonistik ritorikasına davam edəcəyini göstərib

İran parlamentinin üzvü və İran-Ermənistan əlaqələrinin gücləndirilməsi tərəfdarlarından biri olan Əhməd Mirzalari çıxışlarında o, İran və Ermənistan arasındakı "qardaşlıq əlaqələrini" vurğulayır və Bakını "ekspansionizmdə" ittiham edir.

Habelə, İran parlamentində anti-Azərbaycan qüvvələrinin ən parlaq nümayəndələrindən biri Hadi Bahadoridir. O, Azərbaycan ekspansiyasının İranın şimal-qərbində qarşısının alınmasının vacibliyi ilə bağlı sərt bəyanatla çıxış edib. Ölkə parlamentindəki çıxışında isə H.Bahadori belə deyib: "Azərbaycan Türkiyə və İsraillə hərbi ittifaqları vasitəsilə şimal sərhədlərimiz üzərində nəzarəti ələ keçirmək üçün aqressiv siyasət yürütməyə çalışır. Biz bu təhdidə laqeyd qala bilmərik."

İranın din xadimlərinə gəldikdə isə, ayətullahlar Mehdi Taeb, Hüseyn Nuri Həmədani, Əhməd Cənnəti, Məhəmməd Əli Mövhədi Kermani, Kazım Sədiki kimi tanınmış şəxslər Ermənistanı və erməniləri dəstəkləyərək Azərbaycanı "İslam ənənələrinə hörmət etməmək"də, "Qərbin agenti olmaq"da , "İsraillə sıx əməkdaşlıq etmək"də vçə s. suçlayırlar. Onların fikrincə, "Azərbaycan qərbin və sionistlərin gücləri üçün bir dayaq nöqtəsinə çevrildiyindənİran regionun sabitliyini qorumaq üçün Ermənistanı dəstəkləməlidir".

Azərbaycana qarşı sərt çıxışlar edən və Ermənistanı dəstəkləyən tanınmış iranlı analitiklər, ekspertlər və jurnalistlər arasında Seyid Hadi Əfkari, Yaxın Şərq məsələləri üzrə ekspert Məsud Rezayi, "Tasnim" agentliyinin siyasi şərhçisi Məhəmməd Qəni, siyasi şərhçi Fərid Əhmədi, beynəlxalq münasibətlər üzrə ekspert Əlirza Nuri ifrat aktivlikləri ilə seçilirlər.

Haqlarında bəhs etdiyimiz şəxslərin hamısının İrandakı erməni icma təşkilatları və diaspor rəhbərləri ilə sıx əlaqələri var.

Ümumiyyətlə, İranda məskunlaşan erməni diasporası xüsusilə Qarabağ məsələsi kontekstində Ermənistanın maraqlarını fəal şəkildə lobbiləşdirir. İran erməni diasporasının ən nüfuzlu simalarından biri İranda Erməni Mədəniyyət Birliyinin lideri Vardan Simonyandır. O, İran televiziya kanallarında tez-tez qonaq kimi iştirak edir və İran-Ermənistan əlaqələrinin inkişafını aktiv şəkildə dəstəkləyir.

İranda Ermənistan səfirliyinin müşaviri Nikolay Qriqoryan ermənilərin maraqlarını irəli sürmək üçün İran siyasətçiləri və mediası ilə fəal şəkildə əməkdaşlıq edir. O, ilin əvvəlindən bəri 2024-cü ildə İran parlamentinin üzvləri ilə bir neçə görüşdə iştirak edib. Həmin görüşlərdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı məsələlər müzakirə olunub.

"İran və Ermənistan Azərbaycan ekspansionist ambisiyalarına qarşı əməkdaşlığı gücləndirməlidir" ifadəsini fəaliyyət prinsipinə döndərən N.Qriqoryanın İran mediasında erməni gündəminin təşviqinə dəstək olduğu, ermənipərəst nəşrləri maliyyələşdirdiyi vurğulanır.

N.Qriqoryan və İrandakı erməni icmasının nüfuzlu nümayəndələri ilə İranın Strateji Araşdırmalar İnstitutu arasında da əlaqələrin olduğu vurğulanır.

Belə ki, sözügedən institutun bu il Ermənistana Cənubi Qafqazda "sabitləşdirici faktor" kimi baxan bir neçə tədqiqat dərc etdiyi təsadüf sayıla bilməz. Sözügedən "tədqiqatlar"dan İran parlamentində və mediada anti-Azərbaycan mövqelərinin əsaslandırılmasında istifadə olunur.

... Rəsmi Bakı regional təhlükəsizliyin təminatı, Cənubi Qafqazda sülhün və stabilliyin bərqərar olması və digər çağırışların həlli üçün Tehranla əməkdaşlığı gücləndirmək, tərəfdaşlıq istiqamətlərini artırmağa çalışır.

İranın hakimiyyət dairələri də bu niyyətdədir.

Ancaq İrandakı anti-Azərbaycan mövqeli qüvvələr Tehran-Bakı əməkdaşlığını, əlaqələrin genişlənərək aktivləşməsini istəmirlər.

Öz seçimləri deyil - sahibləri belə istəyir çünki.

Elçin Alıoğlu
Milli.Az