Bu 88 erməni əsgərin cəsədi 4 ildir basdırılmır – İnanılmaz səbəb

27 Sentyabr 2024 12:06

"Müharibədən 4 il keçməsinə baxmayaraq, hələ də Ermənistandakı müxtəlif morqlarda kimliyi müəyyən edilmiş, lakin basdırılmayan 88 erməni əsgərin cəsədi var".

Milli.Az globalinfo.az-a istinadən bildirir ki, bu barədə "Joxovurd" qəzetinə Ermənistanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Nəşr yazır ki, 4 ildir ölən əsgərlərin ailələri onların DNT nəticəsini qəbul etmirlər. Valideynlər dövlətin DNT analizinə güvənmədikləri üçün həmin şəxslərin öz övladları olduğuna inanmırlar.

2023-cü ildən bu yana müharibədə itkin düşmüş şəxslərin ailələri ilə tez-tez görüşlər keçirən Ermənistan parlamentinin İnsan hüquqlarının müdafiəsi və ictimaiyyətlə əlaqələr daimi komissiyasının sədri Taquhi Tovmasyan da bu iddianı təsdiqləyib. Onun sözlərinə görə, bəzi valideynlərə övladı adı ilə başqa əsgərin cəsədini veriblər:

"Məsələn, bir ailəyə tabutda 3 əl veriblər ki, sənin oğlundur, apar basdır. Başqa bir valideyn deyir ki, oğlumun boyu 1 metr 82 santimetr, ayağının ölçüsü isə 43-dür. Amma ona boyu 1 metr 60 santimetr olan birinin tanınmaz halda meyitini veriblər. Deyiblər ki, sizin DNT-nizə bu uyğun gəlir. Yəni identifikasiya ilə bağlı çox ciddi problemlər var".
 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun