Paşinyan yenə özünü rüsvay etdi

25 Sentyabr 2024 15:53

"Ermənistanın baş naziri Nikol Paşinyanın Nyu-Yorkda çıxışı dövlət xadiminin bəyanatından daha çox sektant hərəkatının liderinin moizəsini xatırladırdı".

Ermənistanın fövqəladə və səlahiyyətli səfiri Dzunik Ağacanyan belə deyib.

"Çıxış özü acınacaqlı və məzmunsuz idi. BMT-nin Gələcək Sammiti təhlükələr, o cümlədən təhlükəsizlik təhdidlərini müzakirə etmək məqsədi ilə təşkil olunmuşdu. Lakin təəssüf ki, ölkəmizin sükanında duran şəxsin çıxışı dövlət maraqlarını beynəlxalq arenada müdafiə etməkdən daha çox sektant liderinin moizəsini xatırladırdı", - deyə o, "Oragir" proqramında çıxış edib.

D.Ağacanyan haqlıdır.

Ermənistanın baş naziri BMT Baş Assambleyası çərçivəsində keçirilmiş "Gələcək Sammiti"ndə çıxış edərkən söyləyib: "Bugünkü problemlərin hamısı birbaşa və ya dolayısı ilə keçmişdə qəbul edilmiş və ya qəbul edilməmiş qərarlarla əlaqəlidir və eyni şeyi bugünkü uğurlarımız və nailiyyətlərimiz haqqında da demək olar. Keçmişi dəyişdirə bilmərik, bugünkü günü də müəyyən dərəcədə dəyişdirə bilmərik, çünki bu gün keçmişin bir hissəsidir, lakin gələcəyi formalaşdırmaq bugünkü günün ən vacib vəzifəsidir".

Paşinyanın sözlərinə görə, fəaliyyət gündəliyi də bəllidir: sülh, təhlükəsizlik, rifah, azadlıq, ədalət, insan hüquqları, süni intellekt, iqlim dəyişikliyi.

Bu zaman gələcəyin formalaşmasının əsas elementi kimi Ermənistan baş naziri müsbət narrativlər yaratmağı və onların yaradılması imkanlarına fokuslanmağı təklif edib, bu imkanların mövcud olub-olmamasından asılı olmayaraq: "Bugünkü qlobal böhranın səbəblərindən biri də beynəlxalq formatların çoxdan qarşılıqlı ittihamlar və təhdidlər meydanına çevrilməsidir, böhranların baş verdiyi və ya elan edildiyi bir yerə çevrilməsidir.

Mənim üçün həm özümün, həm də digər liderlərin beynəlxalq platformalarda söylədiyi müsbət çıxışları xatırlamaq çətindir və bunun obyektiv səbəbləri var. Müsbət diskurs üçün material azdır və bəlkə də, bu, keçmişdə, demək olar ki, heç bir müsbət narrativin olmaması ilə bağlıdır. Biz, adətən, BMT-yə gəlirik ki, hər şeyin pis olacağını elan edək, çünki bunu təsdiq edən çoxlu faktlar var və onlar hər yerdədir, onları aşkar etmək üçün xüsusi səy tələb olunmur".

Onun fikrincə, yaxşı gələcəyin təməllərini görmək və onlar haqqında düşünmək üçün səy göstərmək lazımdır, çünki əslində baş verən hər şey əvvəlcə bizim beynimizdə baş verir.

"Mənim partiyam "Gələcək var" şüarını qəbul edib, elə bir şəraitdə ki, bölgəmizdə optimistlər üçün ümid qalmamışdı. İndi bu, qlobal səviyyədə baş verir və Gələcək Sammitində mən bu inamı - "Gələcək var" inamını ifadə etmək və bu yolla öz töhfəmi vermək istəyirəm.

Əvvəlki üç çıxışımdan fərqli olaraq, bu dəfə Baş Assambleyada mən daha çox imkanlara fokuslanacağam, qonşu ölkələrin ittihamlarına deyil, və bu, müsbət düşüncə və imkanlar haqqında danışmaq üçün yer yaradacaq. "Gələcək var" şüarını teorem kimi irəli sürmək və onun sübutu üzərində işləmək lazımdır. Gəlin bunu edək", - deyə Paşinyan çağırış edib.

Xüsusi tapşırıqlı səfir Dzunik Ağacanyanın ölkəsinin baş naziri barədə açıqlaması isə özü-özlüyündə Ermənistanın nə qədər məğlub, zəlil və nüfuzsuz olduğunu bariz şəkildə göstərir.

N.Paşinyanın nitqi "gələcək" barədə idi, amma o qədər boş və məzmunsuz idi ki, beynəlxalq arenada bunun heç bir əks-sədası olmadı, ola da bilməz.

Onun dediklərinə qulaq asanda adamın ağlına bircə sual gəlir: "Bu adam niyə burdadır? Nə demək istəyir?"

Gələcək haqqında danışmaq üçün əvvəlcə indiki dövrü dərk etmək lazımdır, amma Nikol Paşinyan nəinki indini, hətta keçmişi də anlaya bilmir. Çıxışında "keçmişi dəyişə bilmərik" dedi, amma əslində, o, keçmişini heç vaxt dərk etməmiş bir liderdir. Keçmişdəki məğlubiyyətlər, səhvlər və xəyanətləri ilə barışa bilməyən, yenə də boşuna "narrativlər" axtarışına çıxan bir başçı ilə qarşı-qarşıyayıq.

Sözün əsl mənasında, N.Paşinyan beynəlxalq arenada özünü gülünc vəziyyətə salmaq üçün hər fürsətdən istifadə edir. Sammitdəki çıxışı bir teatr səhnəsi idi, özü də çox zəif və pis səhnələşdirilmiş bir teatr.

N.Paşiyan "Pozitiv narrativlər yaratmalıyıq" deyə çağırış edir, amma özü heç bir konkret addım ata bilmir. Ermənistanın baş naziri yalnız boş sözlərlə, absurd və reallıqdan uzaq fikirlərlə danışır, amma reallıqda ölkəsinin problemlərini həll etmək iqtidarında deyil. Paşinyan çıxışında sanki beynəlxalq aləmdə mövcud olmayan bir Ermənistanın başçısı kimi danışırdı, sanki onun rəhbərliyi altında olan ölkə inkişaf edir, çiçəklənir. Halbuki, reallıqda Ermənistan süqutun astanasındadır.

N.Paşinyan beynəlxalq platformalarda, o cümlədən BMT-də dəfələrlə öz ölkəsinin maraqlarını müdafiə etmək yerinə, boş və mənasız çıxışlarla çıxış edir. Bu dəfə isə o, özünü həm gülünc, həm də məğlubiyyətlərə məhkum bir lider kimi göstərdi. Hələ Paşinyanın "pozitiv narrativlər yaratmalıyıq" sözləri tamamilə boş bir ritorikadır. Belə çıxışlarla heç bir ciddi ölkənin marağına təsir edə bilməz. Bu nitq bir daha təsdiqlədi ki, Paşinyan və onun partiyası Ermənistanı bərbad vəziyyətə salıb və onların "gələcəyə" dair ümidləri boş bir xəyal kimi qalır.

Əlbəttə ki, onun əsas məqsədi nə BMT, nə də "Gələcək Sammiti" idi.

Nikol Paşinyanın Nyu-Yorka yollanmasının əsas məqsədi anti-Azərbaycan ritiorikası ilə təbliğatı davam etdirmək, habelə kollektiv Qərbdən daha çox preferensiyalar və vədlər almaqdı.

Amma onun hər çıxışı Ermənistanın daha da zəiflədiyini və beynəlxalq arenada heç bir nüfuzunun qalmadığını göstərir.

Bir tərəfdən "pozitiv gələcək"dən danışan, digər tərəfdən isə Ermənistanı daha da məğlubiyyətə sürükləyən bir lider necə güvən yarada bilər? Beynəlxalq arenada belə nağılvari çıxışlar "həzm" edilmir.

Paşinyan özü də bunu dərk etməyə hələ çox uzaqdır.

Elçin Alıoğlu
TREND