Prezidentin parlamentdəki nitqi Azərbaycanın gələcək strategiyasını müəyyənləşdirir - Azər Qarayev

25 Sentyabr 2024 14:12

Prezident İlham Əliyevin nitqi Azərbaycanın gələcək inkişafının yol xəritəsini müəyyən edən proqram xarakterli bir nitq oldu.

Milli.Az bildirir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

A.Qarayev qeyd edib ki, bu çıxış Azərbaycan xalqının milli iradəsi, tarixi Zəfərimizin gücü və qarşıda duran strateji məqsədlərimiz barədə mühüm mesajlar verir.

"Prezident İlham Əliyevin nitqi yalnız əldə olunan uğurların sadalanması deyil, eyni zamanda, qarşıdakı dövrün çağırışlarına cavab verəcək bir yol xəritəsidir. Vətən müharibəsində əldə edilən tarixi qələbə, dövlətimizin suverenliyinin bərpası, milli təhlükəsizliyin möhkəmləndirilməsi və Qarabağla Şərqi Zəngəzurun yenidən dirçəldilməsi istiqamətindəki planlar ölkəmizin gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir".

O əlavə edib ki, Prezidentin hərbi gücün artırılması, yerli hərbi sənaye kompleksinin gücləndirilməsi və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi kimi çağırışları Azərbaycanın müstəqilliyinin qarantı olacaq.

O, Prezident İlham Əliyevin xarici siyasət sahəsindəki prinsipial mövqeyini də xüsusi vurğulayıb:

"Azərbaycan artıq daha sərbəst, ləyaqətli və qürurlu bir xarici siyasət yürüdür. Ölkəmiz ikitərəfli formatda qarşılıqlı hörmət əsasında istənilən ölkə ilə əməkdaşlığa hazırdır, amma bizə diktə etmək istəyənlərə qarşı qətiyyətli bir mövqe nümayiş etdirəcəyik. Tarixi Zəfərimizdən sonra Azərbaycanın beynəlxalq arenadakı nüfuzu bir daha sübut edir ki, biz doğru yoldayıq".

A.Qarayev Prezidentin çıxışında Ermənistanın revanşist siyasətinə və onu dəstəkləyən dairələrin ikiüzlü mövqeyinə diqqət çəkməsinin olduqca önəmli olduğunu deyib. O bildirib ki, bu çıxış bir daha təsdiq edir ki, Azərbaycan heç vaxt təxribatlara boyun əyməyəcək və öz suverenliyini qorumaq üçün bütün gücünü sərf edəcək.

"Prezident sülh danışıqlarının Azərbaycanın təşəbbüsü ilə başladığını və əsas prinsiplərin məhz bizim tərəfimizdən bəyan edildiyini qeyd etdi. Lakin Ermənistanın süni şəkildə prosesi uzatması və silahlanma siyasəti onların sülh istəmədiklərini göstərir. Buna baxmayaraq, Azərbaycan sülh danışıqlarında prinsipial mövqeyini qoruyur və hərbi potensialını gücləndirir".

Azər Qarayev açıqlamasının sonunda Prezident İlham Əliyevin ölkəmizin iqtisadi inkişafı, xarici siyasəti və Qarabağın bərpası ilə bağlı planlarının Azərbaycanın davamlı yüksəlişi üçün möhkəm zəmin yaratdığını vurğulayıb:

"Prezidentin çıxışı bizi daha güclü, daha əzmli və daha birləşmiş bir xalq olaraq qarşıdakı hədəflərimizə çatmaq üçün ilhamlandırır. Bu nitq Azərbaycanın gələcəyinin parlaq olduğuna dair hər bir vətəndaşa inam hissi bəxş etdi".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun