Azərbaycana qarşı ideoloji savaş: Yeni tarixi paradiqma bizdən nə tələb edir?

25 Sentyabr 2024 13:19

Milli.Az aznews.az-a istinadən Taleh Şahsuvarlının yazısını təqdim edir:

Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisdəki çıxışında ideoloji məsələlər üzərində xüsusi dayandı. Dövlət başçısı bəyan etdi ki, heç bir nəticəsi olmasa da, Azərbaycana qarşı ideoloji təxribatlar davam edir: "Bu təxribatlara qarşı xalqımızın güclü iradəsi və milli ruhumuz dayanır".

Bununla belə, dövrümüzün dövlət başçıları arasında ən təcrübəli və tədbirli lider olan İlham Əliyev cəmiyyətimizə və dövlətimizə qarşı yönələn ideoloji diversiyaları sükunətlə qarşılamamağı, həm rəsmi surətdə, həm ictimai məkanda, həm də media müstəvisində haqq səsimizi daha çox ucaltmağa ehtiyac olduğunu vurğuladı.

Bir vətəndaş və jurnalist olaraq Prezident İlham Əliyevi uzun illərdir izləyir və dəstəkləyirəm. Onun Qarabağı düşmən tapdağından azad edəcək lider olduğuna inandım və əlahəzrət zaman bu inamı tam haqlı çıxardı. Gəlin etiraf edək ki, nəinki 20, hətta 5 il öncə də bu gün Azərbaycan bayrağının Xankəndidə dalğanacağına rasional bir şəkildə əmin olmaq əlimizdə yetərincə informasiya yox idi. Azərbaycan Ordusunun modernizasiyası və ən müasir texnika ilə təchiz edilməsi hərbi, prezidentin bağlı qapılar arxasında apardığı mücadilə diplomatik sirr idi. Amma həm dövlət başçısının özünün cəmiyyətə verdiyi mesajlar, həm də dövlətdəki qaynaqlardan, açıq mənbələrdən əldə edə bildiyimiz informasiyaların verdiyi ipucları cəmiyyətimizin analiz qabiliyyəti olan fərdlərini bir məsələdə həmrəy edirdi: İlham Əliyev xalq olaraq alnımızdakı qara ləkəni silmək üçün böyük bir silgi hazırlayır!

44 günlük savaşa qatılan və qatılmaq üçün arxadakı hərbi hissələrdə hazır vəziyyətə gətirilən Azərbaycan Silahlı Qüvvələrinin hər bir mənsubu addım-addım irəliyə məhz bu silgini aparırdı. "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" 2017-ci ildə "Erməni əsirliyində: işgəncə və qətl antologiyası" adlı təxminən 400 səhifəlik bir kitab nəşr edib. Kitabda yer alan faktlar düşmən əlinə düşmüş soydaşlarımızın başına gələnlərin cüzi bir hissəsidir. Əsir alınan, girov götürülən bütün Azərbaycan, bütün xalq, xalq olaraq namus və şərəfimiz idi. Hamilə vəziyyətdə girov düşən azərbaycanlı qadınların qarnı yarılır, bətninə pişik qoyulur, dərisi yenidən tikilirdi. Qız-gəlinlər ailə üzvlərinin- atalarının, əmilərinin, qardaşlarının, ərlərinin, qayınlarının gözü qabağında soyundurulur və zorlanırdı. Faşist kampları Şuşa həbsxanasının yanında humanizm məskənləri idi. Erməni nəzarətçilər sərxoş halda "plen"lərin başına butulka qoyur, atəş hazırlığı keçirdilər. Həbsxananın girişindəki hovuzun ətrafındakı alaqları azərbaycanlı əsir və girovlar hər gün dişi ilə təmizləməli idilər. Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin hətta ermənilər tərəfindən ələ alınmış nümayəndələrinə bir balaca şikayətlənənlərinin anusuna dəyənək yeridilirdi. Albert Voskanyan adlı erməni (müharibə dövründə ermənilər tərəfdən əsir və girovların "dəyişdirilməsi" ilə məşğul olub) girov azərbaycanlı qadınların böyük əksəriyyətinə şəxsən təcavüz etmişdi. Şuşa həbsxanasında Slavik, Con, Emin və Qor adlı hərbçilər əsir və girovlara son dərəcə dəhşətli işgəncələr verir, onları nəzarətçilər yaşayan kazarmaya apararaq vəhşicəsinə döyür, bir-biri ilə cinsi əlaqəyə girməyə və bir-birini qeyri-ənənəvi üsullarla zorlamağa məcbur edirmişlər.

Amansız işgəncələr və təcavüz nəticəsində sağlamlığını itirənlər "Qırmızı Xaç"ın gözünə dəyərdisə, Xankəndidəki uşaq xəstəxanasına göndərilirdi. Orada Edik, Gena, Yurik və digərləri girovları təpiklə, avtomat qundağı ilə qarşılayırdılar. Ermənilər orada da qadın və qızları, gənc oğlanları zorlayırdılar. Zorlanmış qadınlardan doğulan qız uşaqlarını öldürür, oğlan uşaqlarını isə gələcəkdə azərbaycanlılara qarşı döyüşmək üçün saxlayır, onlara müharibədə ölən ermənilərin adlarını qoyurmuşlar. İstər Qarabağda, istərsə də Ermənistanda saxlanılan azərbaycanlılar mülki əhalinin- "dinc və sülhsevər" erməni xalqının ixtiyarına verilir, uşaqlar, qadınlar, qocalar zopa ilə, yaba ilə, balta ilə tökülüşüb türkləri qanına qəltan edirdilər. Əlləri arxadan ayaqlarına bağlanmış gənc Azərbaycan əsgərlərinin başı "Böyük Ermənistan"a qurban kəsilirdi. "Böyük Ermənistan" qurmağı hədəfləyən Daşnak Partiyasının Qarabağdakı lideri, "komandan", "Artsax qəhrəmanı" Samvel Babayanın timsalında çətə liderləri işğal olunmuş Azərbaycan rayonlarında evləri sökdürür, mal-materialını Xocəvəndin Mısmına (Ağbulaq) kəndinə, Xankəndiyə daşıtdırıb villalar, fermalar, fabriklər tikdirir, Azərbaycanda azərbaycanlıları quldan da betər istismar edirdilər.

Ətraflı

İndi o şər yuvasını, qəsb və talan çətələrini, barbarlıq xuntasını darmadağın etmişik deyə az qala bütün dünya üstümüzə gəlir. Elə bu günlərdə Kanada xarici işlər nazirliyi bəyanat yayıb. Nə deyir, bəyanatda, bilirsinizmi? Bir-iki cümləsini təqdim edirəm: "Kanada dəfələrlə 2020-ci il Qarabağ müharibəsindən bütün erməni hərbi əsirlərin qeyd-şərtsiz azad edilməsinə çağırıb. Biz həmçinin Azərbaycandan özbaşına həbs edilmiş bütün etnik ermənilərin azad edilməsinə çağırmaqda davam edirik". Kanadanın "özbaşına həbs edildiyini"- ifadəyə baxın!!!- düşündüyü etnik ermənilər arasında Mkrtiçyan Lüdvik Mkrtiçoviç də var. "Lyoxa" Ballıcada, Mısmınada, Şuşada, Xankəndidə azərbaycanlı əsir və girovlara zülm edənlər içərisində ən məşhurlarındandır. İndi bu "Lyoxa"nın nə qədər "əsassız" yerə həbs olunduğunu anladım, icazənizlə. O, azərbaycanlıları taxta parçaları ilə döyməyi heç sevməzdi- armatura üstünlük verərdi. Küt və kəsici alətlərlə azərbaycanlıların qabırğa, əzələ altı nahiyələrinə "işləyər", "türkün murdar qanı pak əllərinə dəyməsin deyə" əlcək geyərdi. Səhərlər yerə uzatdığı azərbaycanlıların belinin üzərində qaçaraq idman edərdi. Kəsdiyi qulaqları bütün əsirlərin görə biləcəyi yerə asırdı ki, hər kəs onun əsl erməni olduğunu görsün. Şuşadakı köhnə Azərbaycan qəbirlərinin dağıdılmasına da o rəhbərlik etmişdi. 20 oktyabr 2020-ci ildə- 44 günlük savaş zamanı Füzulinin Məlikcanlı kəndində ələ keçirilmiş "Lyoxa" və onun kimi vəhşiləri, qaniçənləri Kanada indi "suçsuz", az qala "aydan arı, sudan duru" elan edir, Azərbaycan ədalət məhkəməsinin əlindən almağa çalışır.

Kanadanın mövqeyinin və bəyanatının beynəlxalq hüquq baxımından heç bir əsası yoxdur. Bu cür çıxışların beynəlxalq münasibətlər sistemində Kanada kimi dövlətlərə fayda verə biləcəyi də şübhəlidir. Prezidentin açıq şəkildə söylədiyi kimi, İkinci Dünya müharibəsindən sonra formalaşmış təhlükəsizlik arxitekturası artıq mövcud deyil. Kanada "tutuquşuluq" edir və özünün deyil, özünü güclü olduğuna görə haqlı sayanların sözünü danışır. Bu cür bəyanatların arxasında İkinci Qarabağ Savaşının müzəffər sərkərdəsi olaraq İlham Əliyevin məhv etdiyi "miatsum" ideologiyasının arxasındakı beynəlxalq nüfuz müharibəsinin aktorları dayanır. Bu məsələni anlamaq üçün tarixə qısaca bir ekskurs etməmiz lazımdır.

Şah Təhmasibdən sonra hakimiyyət böhranı ilə Səfəvilərin bir çox torpaqlarını Osmanlı ələ keçirmişdi. Şah Abbas müxtəlif islahatlar apararaq və ordunu yenidən quraraq həmin əraziləri geri aldı və bir gerçəkliyi fərq etdi. Van gölü ətrafında kompakt yaşayan ermənilər "sərhəd xalqı" kimi qaldıqca, iki türk dövləti arasında davamlı sülh mövcud olmayacaq. Odur ki, Vasupakan ermənilərini öz imperiyasının iç massivlərinə köçürdü. Ermənilər bu olayları "Böyük Sürgün" adlandırır. 1828-ci ildə Qacarlar və Romanovlar arasında bağlanmış Türkmənçay müqaviləsi ilə Çar Rusiyası İrandakı erməniləri sürgündən qaytardı, amma aparıb Vaspurakana deyil, Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə yerləşdirdi. Bununla çar hakimiyyəti Osmanlı və sözügedən xanlıqların türk və müsəlman əhalisi arasında "bufer zona" yaratmağı planlaşdırırdı. Birinci Dünya Müharibəsində ermənilər Osmanlıya qarşı istifadə olundu. Nəticədə Osmanlı erməniləri köçürmək qərarına gəldi və onların bir qismi ABŞ-a, Avropaya, bir qismi də Qafqaza uz tutdu. Nəticədə biri Qərbdə, biri də şərqdə iki etməni diasporu meydana çıxdı. Müharibədən sonra Çar Rusiyası inqilablarla üzləşdi və bu dalğada şərqdəki erməni diasporu tarixi Azərbaycan torpaqlarında "dövlət" elan olundu. Bu dövlətin "Vilson planı"na görə, Qaradənizə çıxışı olmalı idi. Vilson prinsiplərindən şövqə gələn ermənilər "dənizdən-dənizə Ermənistan" xəyalı qurdular. SSRİ-nin çöküş prosesini sürətləndirmək üçün Qərb, müstəqillik qazanmış respublikaları nəzarətdə saxlamaq üçün isə SSRİ-nin dağılmasından sonra Rusiyanın hərbi-siyasi elitası bu xəyalı Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına və işğalçı siyasətinə döndərdilər. Fəqət bu arada Azərbaycanda tarixi baxımdan çox mühüm bir dəyişiklik baş vermişdi- nefti müstəqil respublika olaraq dünya bazarına çıxarmış Azərbaycan Heydər Əliyevin liderliyi ilə strateji bir yol xəritəsinə sahib olmuş, həmin yolla Azərbaycan İlham Əliyevin rəhbərliyi altında önəmli bir məsafə qət etmiş, öz modelini yaratmışdı. Bu model sayəsində Azərbaycan yeni qlobal təlatümlər dövrünə ilk dəfə olaraq mərkəzi hakimiyyəti güclü və iqtisadi, hərbi, siyasi baxımdan hazır şəkildə daxil olurdu. Nəticədə Qarabağ münaqişəsi Azərbaycanın lehinə birdəfəlik həll olundu və Cənubi Qafqazda yaranan yeni reallıq iki yüzillik tarixi paradiqmanı kökündən dəyişdi.

(Ardı var)

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun