Makron başladığı qumarda uduzdu

24 Sentyabr 2024 21:06

İlin əvvəlindən üzübəri Fransada siyasi və iqtisadi vəziyyətdə dərin bir böhran davam edir.

Prezident Emmanuel Makronun siyasi gələcəyi onun liderliyi dövründə yaşanan ən böyük siyasi böhranlardan biri ilə qarşı-qarşıyadır.

2024-cü ildə Emmanuel Makronun reytinqi tarixi bir eniş yaşadı. "Ifop"un keçirdiyi son sosioloji sorğunun nəticələrinə görə, prezidentin fəaliyyəti ilə razı olanların səviyyəsi 25%-ə qədər düşdü, bu isə 2018-ci ildə "sarı jiletlilər"in Parisdəki Triumfal arkanı yandırdığı dövrdən bəri ən aşağı rəqəmdir. Bu sorğuda iştirak edənlərin 75%-i Makronun fəaliyyətini bəyənmədiklərini bildirdilər. Makron ilk dəfə 2017-ci ildə prezident seçildi, 2022-ci ildə yenidən seçilsə də, onun ikinci müddətində dəstəyin azalması ciddi problemlər yaradıb.

E.Makronu dəstəkləyən bir çox seçici onun parlamenti buraxması qərarını "Fransanı idarəolunmaz hala gətirən fiasko" hesab edir.

Xatırladaq ki, Avropa Parlamentinə seçkilərə ifrat sağçı Marine Le Penin rəhbərlik etdiyi "Milli Birlik" partiyasının qalib gəlməsindən sonra prezident parlamentin buraxılmasına qərar verdi. Lakin parlament seçkilərində Makronun koalisiyası "Birlikdə" yalnız ikinci yeri tuta bildi, sol partiyaların koalisiyası olan "Yeni Xalq Cəbhəsi" 182 mandatla birinci oldu. Heç bir partiya parlamentdə əksəriyyət qazana bilmədi ki, bu da Fransada dərin siyasi böhrana səbəb oldu.

Seçkilərdən sonra başlayan siyasi böhran Makronun "Yeni Xalq Cəbhəsi"nin namizədi olan solçuların baş nazirliyə namizədini qəbul etməməsindən sonra dərinləşdi. Makron sol blokun lideri Lüsi Kastenin namizədliyini rədd edərək, onun parlamentdə inam qazanmama ehtimalının çox olduğunu açıqladı. Nəticədə, Makron yalnız iki aydan sonra baş nazir təyin edə bildi. Bu post isə sağçı "Respublikaçılar" partiyasının nümayəndəsi, keçmiş Avropa komissarı və Brexit müzakirəçisi Mişel Barnyeyə verildi.

Buna baxmayaraq, "Ifop" sorğusuna əsasən, fransızların 55%-i M.Barnyenin baş nazir təyin edilməsindən narazıdırlar. Bu narazılıq, xüsusən də, Fransada yaranan yeni siyasi qütbləşmənin və Makronun hökumət qurmaqda çəkdiyi çətinliklərin fonunda daha da güclənib.

Bütün bu siyasi çaxnaşmaların içində, "Fəth olunmamış Fransa" partiyası Makrona qarşı impiçment təklifi irəli sürdü. Fransa Milli Məclisinin Büro Komitəsi bu təklifi qəbul etdi və sənədin hüquqi komitəyə göndərilməsi üçün ilk addımlar atıldı. "Le Parisien" qəzetinin verdiyi məlumata görə, Fransa Konstitusiyası prezidentin səlahiyyətlərindən açıq-aşkar sui-istifadə etməsi halında onun vəzifədən kənarlaşdırılmasına icazə verir. Bununla belə, impiçmentin uğurlu olacağı ehtimalı çox aşağı qiymətləndirilir, çünki parlamentin iki palatasının hər birindən üçdə iki səs tələb olunur.

Sorğulara əsasən, Fransanın sol partiyaları, xüsusilə də Sosialist Partiyası impiçmentə dəstək verməyəcəyini açıqlayıb. Makronun tərəfdarlarının 168, "Yeni Xalq Cəbhəsi"nin isə 182 mandatı olduğu halda, belə bir təklifi dəstəkləmək üçün lazım olan 385 deputat sayını toplamaq çətin görünür.

Sentyabr ayının əvvəlində Makron Mişel Barnyeni baş nazir təyin etdi və o, iki həftə ərzində hökuməti formalaşdırmağa çalışdı. Bu müddət ərzində Fransa siyasətində sağçıların mövqeyi gücləndi, lakin bu vəziyyət sol qüvvələrin daha da radikallaşmasına səbəb oldu. Fransız mətbuatı bildirir ki, M.Barnyenin kabineti "çətin kompromislər" nəticəsində formalaşıb, lakin hələ də hökumətin uzunmüddətli sabitliyi şübhə altındadır.

Makron hökuməti üçün ən böyük sınaqlardan biri isə iqtisadiyyat və artan dövlət borcu məsələsidir. Yeni təyin edilən maliyyə naziri Antuan Arman bu problemlərin həllində mühüm rol oynayacaq. Buna baxmayaraq, Fransanın siyasi gələcəyi qeyri-müəyyən olaraq qalır, çünki sol qüvvələr hökumətə qarşı bir sıra etiraz tədbirləri planlaşdırır.

Fransada siyasi böhran dərinləşdikcə, Emmanuel Makronun prezident kimi qaldığı müddət ərzində onun siyasətinin uğurlu olub-olmayacağı sual altındadır. Mətbuatda yayılan məlumatlara görə, Fransa əhalisinin böyük hissəsi hökumətin iqtisadi siyasətini dəstəkləməyən mövqedədir və bu, gələcəkdə daha çox siyasi qarşıdurmalara səbəb ola bilər. Ölkədə solçu qüvvələrin və sağçı qüvvələrin bir-birinə qarşı mübarizəsi Fransanın daxili sabitliyini təhdid etməyə davam edir.

Bu siyasi böhran Makronun reytinqini daha da zəiflətdi və ölkədə sosial narazılıqların artmasına səbəb oldu. "Fəth olunmamış Fransa"nın lideri Jan-Lyuk Melanşonun isə yeni hökuməti "Makronun fəlakət filmi" kimi təsvir edərək, onun uzun müddət davam etməyəcəyini bəyan etdi.

Fransa siyasi arenada çətin günlər yaşayır. Prezident Emmanuel Makronun hökuməti qarşısındakı çoxsaylı iqtisadi və siyasi problemləri həll etmək üçün ciddi sınaqlar keçir. 2024-cü ilin sonuna yaxın Fransa siyasətindəki dərin böhran hələ də öz həllini tapmayıb, və bu, ölkənin daxili siyasətində uzunmüddətli təsirlərə səbəb ola bilər.

Emmanuel Makron öz idarəçilik üslubu ilə tənqidçilərin diqqət mərkəzinə düşən avtoritar liderlərdən biri olaraq səciyyələnir. 2017-ci ildə prezident seçildikdən sonra o, ölkə daxilində və xaricdə bir sıra siyasi səhvlərə yol verib və nəticədə Fransanın beynəlxalq arenadakı mövqeyi və nüfuzuna ciddi zərbə vurub. İndi isə o, tarixin ən uğursuz Fransa prezidentlərindən biri kimi qəbul edilir.

Makronun idarəçilik üslubu demokratiyanı zəiflədən avtoritar meyilləri ilə tənqid olunur. Onun "Sarı jiletlilər" hərəkatı zamanı sərt şəkildə etirazlara qarşı tətbiq etdiyi zorakılıq, sosial ədalətsizlik və bərabərsizliyin artmasına şərait yaradıb. Emmanuel Makronun sosial islahatları, işçilərin hüquqlarını məhdudlaşdırmaqla onları daha da kasıblığa sürüklədi. Onun hakimiyyəti dövründə siniflər arası uçurum daha da dərinləşdi və vətəndaş etirazları artdı. Makronun "pensiya islahatı" kimi mübahisəli qərarları Fransa cəmiyyətində geniş narazılıqlara səbəb oldu və hakimiyyətin etimadını sarsıtdı.

Makron, həmçinin, öz siyasi qərarlarını parlamentdən və xalqın fikrindən kənar qəbul etməyə üstünlük verərək, ölkə daxilində daha çox mərkəzləşdirilmiş bir güc sistemi qurmağa çalışdı. Bu isə, demokratiyanın əsas prinsiplərinin pozulmasına gətirib çıxardı.

Makronun xarici siyasəti xüsusilə Yaxın Şərq və Cənubi Qafqaz bölgələrində ciddi uğursuzluqlarla yadda qaldı. Ermənistanla bağlı həyata keçirdiyi siyasət ən çox diqqət çəkənlərdən biridir. Fransanın Ermənistanı tamamilə dəstəkləməsi, onu daha da silahlandırması və yeni müharibəyə itələməsi böyük siyasi səhv kimi qiymətləndirilir. Makron hökumətinin Ermənistana qarşı hərbi yardımı faktiki olaraq bu ölkəni hərbi avantüralara sürükləyir və bölgədə sülh perspektivlərini çətinləşdirir.

Fransanın Ermənistanı pulsuz və intensiv şəkildə silahlandırması, regionda gərginliyi daha da artırır. Bu siyasət beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla yanaşı, Fransa və onun müttəfiqləri arasında diplomatik problemlər yaradır. Makronun Ermənistanın strateji tərəfdaşı olmaq cəhdləri, Azərbaycanın haqq mübarizəsi fonunda Ermənistanı silahlandıraraq onu yeni bir müharibəyə sürükləməsi, Fransa üçün böyük siyasi uğursuzluğa çevrilib.

E.Makron hökumətinin xarici siyasət sahəsində digər mühüm səhvlərindən biri də Asiyada və Afrikada uğursuzluqlarıdır. Afrikada Fransa, keçmiş müstəmləkə gücünün qalıqları üzərində qurduğu təsirini sürətlə itirir. Müstəmləkəçilik keçmişini hələ də unuda bilməyən və öz neo-kolonial siyasətini davam etdirən Makron hökuməti, bir çox Afrika ölkələrinin anti-Fransa hərəkatları ilə üzləşdi. Məsələn, Mali, Burkina Faso və Niger kimi ölkələrdə Fransa ordusuna qarşı etirazlar artmış və bu ölkələr Fransa hərbi varlığından qurtulmaq üçün qərarlar qəbul edib.

Asiyada isə Fransa, Çin və Hindistan kimi güc mərkəzləri qarşısında zəifləyərək təsir dairəsini itirməkdədir. Makron hökuməti Asiyada diplomatik uğurlar əldə etmək əvəzinə, bölgədəki digər güclər tərəfindən sıxışdırılmaqda və iqtisadi əməkdaşlıqdan məhrum qalmaqdadır.

... Emmanuel Makron, Fransa tarixində ən zəif və uğursuz prezidentlərdən biri kimi yadda qalacaq. Onun avtoritar idarəçilik üslubu daxili siyasətdə etimad böhranı yaradaraq ölkə daxilində gərginliyə səbəb oldu. Xarici siyasətdə isə Makronun Ermənistanla bağlı həyata keçirdiyi uğursuz strategiya Fransanı beynəlxalq arenada çətin vəziyyətə salaraq bölgədə sülh perspektivlərini aradan qaldırdı. Asiya və Afrika siyasətində isə Fransa bir-birinin ardınca diplomatik məğlubiyyətlərlə üzləşib.

Elçin Alıoğlu
Milli.Az

​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun