Azərbaycanda makroiqtisadi və maliyyə sabitliyi təmin olunub - Əli Əsədov

24 Sentyabr 2024 18:26

Qlobal miqyasda artan geosiyasi gərginliklərə, beynəlxalq əmtəə bazarlarında volatil qiymətlərə və dünya ölkələrində borc və büdcə kəsirinin artmasına baxmayaraq, ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyi təmin olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetində 2025-cü il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri, 2025-ci il və sonrakı üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinin müzakirəsində çıxışı zamanı bildirib.

O qeyd edib ki, cari ilin ötən dövrü ərzində əlverişli xarici mühit və "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiya"sının uğurlu icrası nəticəsində ölkədə iqtisadi aktivliyin davam etməsi, o cümlədən qeyri neft-qaz sektorunun bütün sahələrində müsbət artım templəri müşahidə edilməkdədir:

"8 ayda Ümumi Daxili Məhsul 4.3% artmış, o cümlədən, qeyri-neft sektorunda 7,0% artım olmuşdur. Qeyri-neft sənayesində isə 7.8% artım qeydə alınıb.

Hazırda ölkənin strateji valyuta ehtiyatları 73 mlrd. $-ı ötüb.

Bu göstərici cari ilin sonuna gözlənilən ÜDM-in 100 faizi deməkdir və xarici dövlət borcunu 14 dəfəyə yaxın üstələyir.

Birbaşa xarici dövlət borcumuzun səviyyəsi aşağıdır. 1 sentyabr tarixinə bu göstərici 5,3 mlrd. dollar olmaqla ÜDM-in 7.5%-ni təşkil edir.

Dünya üzrə ərzaq məhsullarının qiymətlərinin nisbətən azalaraq sabitləşməsi və bunun idxal qiymətlərinə təsiri, valyuta bazarında tarazlığın qorunması və manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi inflyasiyanın aşağı səviyyədə olmasını şərtləndirib.

O cümlədən, tərəfimizdən təsdiq edilmiş müvafiq Tədbirlər Planının icrası anti-inflyasiya tədbirlərinə öz töhfəsini verməkdədir.

2024-cü ilin 8 ayında orta illik inflyasiya 1.3%, illik inflyasiya isə 3.5% olub.

Ötən dövr ərzində müsbət makro-fiskal göstəricilər, dünya enerji bazarlarında əlverişli qiymət, profisitli tədiyə balansı, dövlət büdcəsinə əlavə gəlir daxilolmaları nəticəsində 2024-cü ilin dövlət büdcəsinə yenidən baxılıb.

Nəticədə büdcə gəlirləri 2.2 mlrd. manat, büdcə xərcləri isə təxminən 3.0 mlrd. manat artıb.

Yenidən baxılmış büdcə ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi, Böyük Qayıdışa dair Dövlət Proqramının icrası, beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili üzrə zəruri olan bir sıra əlavə xərclərin maliyyələşdirilməsinə imkan yaradıb.

2025-ci il və növbəti üç ili əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi mövcud xarici və daxili makroiqtisadi mühit, büdcə siyasətinin əsas istiqamət və hədəfləri, büdcə qaydasının hədəfləri və makroiqtisadi proqnozlar nəzərə alınmaqla hazırlanıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun