"Roketsan" hərbi dəniz sistemləri üçün qanadlı raketini təqdim edib - FOTO

24 Sentyabr 2024 16:57

Türkiyə şirkəti "Roketsan" "ADEX-2024" sərgisində "ÇAKIR" adlı orta məsafəli raketi təqdim edib, bu raket hərbi dəniz sistemləri üçün nəzərdə tutulub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu raket idarəetmə mərkəzləri, yerüstü obyektləri və zenit raket sistemləri daxil olmaqla, geniş spektrli hədəfləri məhv etmək üçün hazırlanıb.

"ÇAKIR" raketi radiofrekans və infraqırmızı sensorlar, inersial naviqasiya və müdaxiləyə qarşı qorunma sisteminə malik peyk naviqasiya sistemi ilə təchiz olunub. Həmçinin, relyef naviqasiyası, barometrik və radar altimetrləri ilə dəstəklənir ki, bu da hədəflərin məğlubiyyətinin dəqiqliyini artırır.

Raket pilotsuz uçuş aparatları, sabit qanadlı təyyarələr və döyüş təyyarələri daxil olmaqla müxtəlif platformalardan atıla bilər.

70 kq-lıq döyüş başlığı yüksək partlayıcı gücə malikdir və yarı-zirehli, partlayıcı parçalanma və termobarik təsir üçün istifadə oluna bilər. Raketin ümumi çəkisi 275 kq, uzunluğu isə 3,3 metrdir. Məsafəsi 150 kilometrdən çoxdur, bu da onu uzun məsafələrdə təsirli bir silah edir.

Qeyd edək ki, 24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə "ADEX" sərgisi keçirilir. Paralel olaraq, 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları "Securex Caspian" sərgisi də təşkil edilib. İlk "ADEX" sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir.

Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-ə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun