Azərbaycanda toy karvanında dəhşətli QƏZA: Ölənlər arasında hərbi qulluqçular da var - YENİLƏNİB - VİDEO - FOTO

24 Sentyabr 2024 17:53

Xəbər verdiyimiz kimi, Bəhrəmtəpə-Biləsuvar yolunda Pərviz Hüseynovun idarə etdiyi VAZ-21124 markalı minik avtomobili ilə N.Mehtiyevin idarə etdiyi MAN markalı yük avtomobili toqquşub.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, qəza nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinlər Lalə Hüseynova, Mehriban Hüseynova, Xoşbəxt Hüseynova və Vasif İsayev dünyasını dəyişib.

Ölənlərin hamısı Cəlilabad rayonunun sakinləridir. Onların adlarını təqdim edirik:

Pərviz Allahşükür oğlu Hüseynov (1994), Xoşbəxt Arif qızı Hüseynova (1991), Mehriban Hüseyn qızı İsmayılova (1955), Aidə Yasər qızı Hüseynova (1990) və Vasif Əkbər oğlu İsayev (1995).

Qeyd edək ki, ölən kişilər Azərbaycan Ordusunun hərbi qulluqçularıdır. Xoşbəxt xanım isə bu gün toyu planlaşdırılan bəyin bacısıdır. Dünyasını dəyişənlər yaxın qohum olublar.

-------

17:30

"Bu gün saat 14:50-də Biləsuvar-Bəhramtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində qəzaya uğrayan VAZ-21124 markalı nəqliyyat vasitəsini Cəlilabad rayon sakini 1994-cü il təvəllüdlü Pərviz Allahşükür oğlu Hüseynov, MAN markalı yük avtomobilini isə Salyan rayon sakini Bayram Namus oğlu Mehdiyev idarə edib".

Bunu Oxu.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

"Hadisə nəticəsində sürücü Pərviz Hüseynov və sərnişinləri 1955-ci il təvəllüdlü Mehriban İsmayılova, 1991-ci il təvəllüdlü Xoşbəxt Hüseynova, 1995-ci il təvəllüdlü Vasif İsayev və 1990-ci il təvəllüdlü Aidə Hüseynova hadisə yerində həyatlarını itiriblər.

Əraziyə polis və aidiyyəti qurumların əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır", - deyə M.Ağayev qeyd edib.

------

16:27

Bu gün saat 14:30 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 1991-ci il təvəllüdlü (qadın) şəxs ağır vəziyyətdə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, yaralıya qapalı kəllə-beyin travması, çoxsaylı yaralar, o cümlədən sağ bud və alt çənə sümüyünü sınığı diaqnozları təyin edilib: "Dərhal reanimasiyon tədbirlərin həyata keçirilməsinə baxmayaq yaralının həyatını xilas etmək mümkün olmayıb. Saat 15:20-də ölüm faktı qeydə alınıb".

Qeyd edək ki, hadisə nəticəsində daha 4 nəfərin həkiməqədər ölümü qeydə alınıb.

-------

16:20

"Report" yazır ki, Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verən yol qəzasında yaralanan daha bir sərnişin ölüb. Məlumata görə, ölən şəxslər Cəlilabaddan Ağcabədiyə toya gedirmişlər. Ölənlərdən biri avtomobilin sürücüsü Pərviz Hüseynovdur.

-------

15:44

Biləsuvarda toy karvanında ağır yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə Biləsuvar rayonu ərazisində baş verib. "Lada-012"markalı minik avtomobil, "MAN" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerində ölüb, bir nəfər xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən minik avtomobili Ağcabədidən Cəlilabada gəlin gətirən toy karvanının tərkibində olub.

Biləsuvar rayonunda toy karvanı zamanı ağır yol qəzası baş verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə yolunun rayonun Çaylı kəndi ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, hadisə nəticəsində 4 nəfərin öldüyü bildirilir, yaralılar var.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun