ATU-da "yubka qalmaqalı" böyüyür - Tələbələrdən cavab - YENİLƏNİB - FOTO

24 Sentyabr 2024 13:53

Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib. Pedaqoq şəklin üzərinə "Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır" sözlərini yazıb. 

Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub. 

Milli.Az news24.az-a istinadla bəzi tənqid "story"lərini təqdim edir:

ATU-nun tələbələri həmin müəllimənin uzman olmadığını, təhsili ilə bağlı bir sıra məsələlərdə yalan dediyini bildiriblər. Bunun nə qədər düzgün olub bir müəlliməyə, həkimə yaraşan hərəkət olduğu isə mübahisəli məsələdir.

Onu da qeyd edək ki, müəllim tələbəni daxil nizam-intizam qaydalarını pozmadığı müddətcə "öz qaydalarına" uyğun dərsdən kənarlaşdıra bilməz. ATU-nun tələbələrindən geyimlə bağlı hər hansı bir qadağanın olub-olmadığını soruşduqda isə, tələbələr bildirir ki, onlara sadəcə tibbi xalatların əsas olduğu və kitabxanaya şortiklə girməyin qadağan olduğu deyilib.  

-------

09:48

Azərbaycan Tibb Universitetinin müəllimi Nazxanım Nəzirbəy (Qasımova) təhsil ocağının həyətində tələbələrin fotosunu çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, pedaqoq şəklin üzərinə "Bu geyimdə dərsə gələnlər dərsimə buraxılmır. Dekoltelər, yarım qarış yubkalarınızı gecə klublarına geyinin. Həkimlik öncə dientologiyadan başlayır" sözlərini yazıb.

Bundan sonra müəllim sosial şəbəkələrdə tənqid olunub.

Oxu.az mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanovaya müraciət edib. G. Aslanova bildirib ki, məsələ ilə əlaqədar ATU-nun Epidemiologiya kafedrasının assistenti Nazxanım Qasımova universitetin müvafiq şöbəsinə dəvət olunub və onunla bu barədə söhbət aparılıb, müəllimin bu məsələyə reaksiyasını ifadə etmə formasının yanlış olduğu onun nəzərinə çatdırılıb: "Bununla yanaşı, qeyd etməliyik ki, hər bir təhsil müəssisəsində olduğu kimi, ATU-nun da daxili nizam-intizam qaydaları var. Tələbələrin geyim tərzi ilə bağlı mövcud tələblərə hər kəs birmənalı olaraq riayət etməlidir. Bu tələblər mütəmadi olaraq tələbələrin diqqətinə çatdırılır".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun