İnternetin sürəti eynidir, amma keyfiyyəti fərqli: KİMƏ İNANAQ?

24 Sentyabr 2024 09:23

Azərbaycanda internetin qiymət artımının kölgədə qoyduğu bir məsələ var. Problem gözümüzün önündədir, amma fokuslana bilmirik. Elə zənn edirik ki, qiymətlər ensə, hər şey düzələcək.

Son günlər artıq vətəndaşlar bu nüansla bağlı gileylənməyə başlayıblar. Belə ki, internetin sürəti provayderlərdə eyni olsa da, keyfiyyəti fərqli olur. Hətta bəzi istifadəçilər əvvəlki 10 Mb/s-nin indiki 100 Mb/s internet sürətindən daha güclü olduğunu deyirlər.

Bəs görəsən, bu məsələnin reallıq payı varmı? İnternetin sürətinin eyni, keyfiyyətinin isə fərqli olması nə ilə əlaqədardır?

Milli.Az xəbər verir ki, İKT sahəsində 20 ildən çox təcrübəsi olan iş adamı Mehman Xəlilov mövzu ilə bağlı Oxu.Az-a danışıb.

O qeyd edib ki, bəyan edilmiş sürətin eyni olmasına baxmayaraq, keyfiyyət göstəricilərinin müxtəlif yerlərdə fərqli nəticələr göstərməsi bir sıra faktorlardan asılı ola bilər:

"Əsas səbəb, bir qayda olaraq, şəbəkə infrastrukturu ilə bağlıdır. Ən maraqlısı isə odur ki, bu problemin həm provayder, həm də abunəçi tərəfdə olması mümkündür. Öncə provayder tərəfdə olan problemlərə baxaq.

Bizdə son illər fiber-optikləşmə böyük sürətlə həyata keçirilir. Bildiyim qədərilə, artıq heç yerdə köhnəlmiş rabitə kanallarından istifadə olunmur. Belə baxanda, optik liflərdən istifadə internetin sürətini artırmalıdır, amma sürətdə artım gözlənildiyi qədər deyil, çünki optik liflər infrastrukturun vacib elementi olsa da, onun yeganə elementi deyil. Siqnallar optik liflər üzərindən baza stansiyaları və şəbəkə qovşaqları vasitəsilə ötürülür. Bu qovşaqlar istifadəçiləri magistral məlumatötürmə kanalları ilə birləşdirir. Şəhərin mərkəzində belə qovşaqlar və stansiyalar daha çoxdur, daha yenidir və bir-birinə daha yaxındır. Dövlət, biznes qurumları və digər təşkilatlar daha çox mərkəzdə cəmləşiblər.

Bu fakt mərkəzdə internet təminatını daha prioritetli edir. Nəticədə provayderlər həm əsas kadr potensialını, həm də yeni avadanlıq və qurğuları mərkəzdə cəmləşdirməyə üstünlük verirlər. İnfrastrukturun yenilənməsinə yatırımı da ilk olaraq buradan başlayırlar. Bunun nəticəsində mərkəzdə həm şəbəkədaxili rabitə, həm də provayderlərarası körpü kanalları daha geniş olur. Bu isə rabitənin daha optimal qurulmasına, serverlər və avadanlıqlar arasında olan siqnallardakı gecikmələrin, qırılmaların minimuma endirilməsinə şərait yaradır, daha yüksək sürəti, stabilliyi və keyfiyyəti təmin edir.

Mərkəzdən kənardakı rabitə qovşaqları daha seyrək, arasındakı məsafə daha çoxdur, həmçinin xidmət göstərən kadr potensialının ümumi səviyyəsi mərkəzə nisbətdə daha aşağı olur. Bütün bunlar yüklənmiş baza stansiyasına qoşulmuş internet istifadəçilərində keyfiyyət itkisini müşahidə etməyə gətirib çıxarır. Qeyd etdiyimiz reallıq fayl yükləmə, videolara baxma, yaxud oyun oynama proseslərində əsaslı problemlər yarada bilir".

Ekspert əlavə edib ki, infrastrukturda olan çatışmazlıqlar daha bir məsələni aktual edir:

"Məlumdur ki, provayderlərin fəaliyyətinin əsasını müəyyən böyükhəcmli rabitə kanalını alaraq onu hissələrə bölüb, müştərilərə satmaq təşkil edir. Bu aspektdən baxanda görünən odur ki, provayderin bütün müştərilərini bir yerə cəmləsək, yekunda onların hamısının bir yerdə provayderdən aldığı kanalların cəmi provayderin özünün aldığı rabitə kanalının həcmindən çoxdur.

Burada hələ ki bir problem yoxdur. Dünyanın bütün ölkələrində bu iş belə qurulub. Məsələn, sadə nümunə göstərək. Tutaq ki, provayderin 1000 müştərisi var və onların hər biri 100 Mb/san sürətli kanal alıb. Nəticədə müştərilərin yükün istifadə kanalının həcmi saniyədə 100 000 Mb = 100 Gb olur. Lakin provayder bu müştərilərə xidmət göstərmək üçün 100 deyil, daha azhəcmli, məsələn 10 Gb kanal alır, çünki istifadəçilər, praktiki olaraq, eyni zamanda hamısı internetə qoşulub onu maksimal tələbatla istismar etmirlər. Günün qeyri-pik saatlarında bu daha aydın müşahidə olunur. Bir qayda olaraq, axşamlar hamı işdən evə qayıdır və internetdən istifadə pikə qalxır.

Bu zaman provayderin aldığı kanal və istifadə etdiyi infrastruktur bütün istifadəçilərə eyni xidməti göstərməyə kifayət etmir, şəbəkədə izafi yüklülük yaranır. Belə olduğu təqdirdə provayderlər hamını internetlə təmin etmək üçün müəyyən inzibati mexanizmlərdən istifadə etməli olurlar. İstifadəçilərə onların olduğu ərazidən, istifadə etdikləri serverlərdən, yüklədikləri məlumatların tiplərindən asılı olaraq verilən kanallarda axın həcmi daraldılır, yaxud müəyyən həddə qədər məhdudlaşdırılır. Məsələn, "YouTube" kanalında yüksəkkeyfiyyətli videolara baxdıqda donmalar, oyunlarda qırılmalar və s. kimi problemlər əmələ gəlir.

Belə problemləri aradan qaldırmaq üçün provayderlər istifadəçilərin tələbatlarını araşdırıb infrastrukturun yenilənməsi prosesini mütəmadi həyata keçirməlidirlər ki, istifadəçilər pik saatlarında da keyfiyyətli xidmət ala bilsinlər. Proseslərin sürətlənməsini isə dövlət provayderlərinin kommersiya fəaliyyəti ilə məşğul olmasını dayandırmasında, bazarda olan rəqabətli mühitin artırılmasında və dövlətin bu sahədə kommersiya xidməti deyil, tənzimləmə fəaliyyəti göstərməsində görürəm".

M.Xəlilov infrastrukturla bağlı müştərilər tərəfdə olan problemlərdən də söz açıb:

"Tutaq ki, provayder tərəfdə heç bir problem yoxdur (Əfsuslar olsun ki, problem oldu-olmadı, provayderlər həmişə iddia edirlər ki, onlar tərəfdə heç bir çətinlik müşahidə olunmur, amma yenə də biz sadalayaq). Bu zaman müştəri tərəfdə iki əsas amil internetin sürəti və keyfiyyətində rol oynaya bilər.

Birincisi, internetə qoşulmanı təmin edən və əksəriyyətin istifadə etdiyi "Wi-Fi" qurğusudur. Müasir zamanda şəbəkəyə qoşulmaq üçün əsas etibarilə istifadə olunan bu qurğular "Wi-Fi 4" və ya "Wi-Fi 5" standartları ilə çalışır. Bu standartların bizim mövzu ilə əlaqəli fərqli cəhətləri budur ki, "Wi-Fi 4" standartı ilə çalışan qurğular ya 2,4 GHz tezlikdə, yaxud da həm 2,4 GHz, həm də 5 GHz tezlikdə olan elektromaqnit dalğaları üzərində, "Wi-Fi 5" standartlı qurğular isə yalnız 5 GHz tezlikdə işləyir. Əgər istifadəçi sürətin stabil 100 Mb/s olmasını istəyirsə, onun qurğusu 5 Ghz tezlikdə çalışmanı təmin etməlidir, yəni ya "Wi-Fi 5 "standartını, yaxud da 5 GHz-lik tezliyi dəstəkləyən "Wi-Fi 4" standartında çalışmalıdır.

İkinci amil isə "Wi-Fi" qurğularının qoşulmasını təmin edən kabellərdir. Bir qayda olaraq, bu kabellər burulmuş cütlük ("twisted pair") tipli olur ki, bunlar da müxtəlif kateqoriyalara malikdir. Tövsiyə olunanı "CAT 6" xüsusiyyətli kabeldir.

Doğrudur, sınaq zamanı 2,4 GHz tezlikli "Wi-Fi" qurğuları və "CAT 5" xüsusiyyətli kabellər 100 Mb/s sürət verə bilər, amma bu daha çox ideal mühitə bağlıdır. Reallıqda isə mənzilin, yaxud obyektin divarları, ətrafda olan mobil qurğuların elektromaqnit dalğalarının interferensiyası əlavə maneə və küy yaratdığına görə, faktiki sürət vəziyyətdən asılı olaraq, iki dəfə və daha çox azalmaya gətirib çıxara bilər. Odur ki, verilən tövsiyələrdən istifadə etmək daha yaxşı olar".

İnformasiya texnologiyaları üzrə mütəxəssis Fərid Əmirov da qeyd edib ki, keyfiyyətin azalması provayderlərin yeniliklərə hazır olmaması ilə əlaqədardır:

"Məsələn, əvvəllər 10 nəfər 100 Mb/s internet trafiki istifadə edirdisə, indi artıq həmin 10 nəfər 150 Mb/s-dən istifadə edir. Bu, provayderlərin istifadə etdiyi avadanlıqların həcmindən, kabel sistemindən və sairdən asılıdır. Sadaladığımız detallar texniki vəziyyətlə bağlı problemlər yaradır.

Bəzən İT mühəndislərinin düzgün olmayan həllər məsələsi də problemə səbəb olur. Provayderlər, şirkətlər qənaət etmək üçün daha təcrübəsiz, gənc mütəxəssisləri işə cəlb edirlər. Onlardan sistemi qurub təkmilləşdirməyi tələb edirlər. Sözügedən şəxslərin texniki bilik və bacarıqları az olduğuna görə düzgün olmayan həllər verirlər. Bunun nəticəsində müəyyən avadanlıqlar dayanır, internet bölüşdürülməsi balanslı aparılmır və problemlə qarşılaşan vətəndaşlar narazılıq edirlər.

Fikrimcə, internetin keyfiyyəti ilə bağlı məsələ yaxın gələcəkdə tənzimlənəcək. Diqqət etmişəm, kiçik provayderlərdə maliyyə resursları az olduğuna görə daha çox problem yaşanır.

Digər səbəb isə odur ki, bəzən modemin həcmi yük qabiliyyətindən çox yüklənir. Məsələn, modem 14 nəfərə stabil qoşulmağa imkan verir. 20-30 cihaz eyni anda qoşulanda artıq yüklənmə müşahidə edilir, sürət azalır.

Sonda provayderlərə tövsiyə edərdim ki, daha peşəkar kollektivlə işləsinlər. Özlərinin büdcəsi yoxdursa, kənardan bir mütəxəssis və ya konsultantla əməkdaşlıq etsinlər. Azərbaycan bazarında kifayət qədər təcrübəli şəxslər var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun