İşçilərin hüquqlarını pozdu - 20 min CƏRİMƏLƏNDİ

23 Sentyabr 2024 16:08

Vətəndaşların əmək hüquqlarını pozan hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Milli.Az xəbər verir ki, bu barədə Goranboy Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, "HAYAT" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Goranboy Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən (bağlanmadan) bir neçə şəxsin rayon ərazisində aparılan inşaat zamanı işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunub.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun