Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi hakimliklə vidalaşır

23 Sentyabr 2024 11:13

Bakı Ağır Cinayətlər Məhkəməsinin tanınmış hakimi Azad Məcidov yaxında hakimlik karyerasını bitirəcək.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dekabrda 65 yaşı tamam olacaq hakimin icraatına yeni iş verilməsinə stop qoyulub.

O, yarımçıq qalan son bir neçə cinayət işinin hökmünü elan etdikdən sonra təqaüdə göndəriləcək.

Qeyd edək ki, o, hüquq-mühafizə orqanlarının birində 30 ilə yaxın müstəntiq işləyib. Polkovnik rütbəsi daşıyan Məcidov o vaxt silsilə qətllər və adam oğurluğunda təqsirli bilinmiş Hacı Məmmədov cinayətini araşdıran istintaq qrupunun üzvü olub.

Azad Məcidov 15 il əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. O, bu illər ərzində ölkə gündəmində olan bir çox işlərin hökmünü çıxarıb. Buraya müğənni Fədayə Laçının, tarixçi-alim Səbuhi Hüseynovun, "Bravo" hipermarketə basqında təqsirləndirilən şəxslərin, erməni diversantların bir qrupunun işləri də daxildir. Hazırda sözügedən hakim ölkə gündəmində müzakirə edilən talassemiyalı uşaqlar üçün ayrılmış pulları ələ keçirən qadınların işinə baxır.

Məhkəmə proseslərindəki çıxışları ilə də yadda qalan hakimin sitatları mütəmadi olaraq xəbər başlıqlarına çevrilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun