İsveçrə Orta Dəhlizin inkişafı üçün bir çox həll yolları təklif edə bilər

23 Sentyabr 2024 08:42

İsveçrə Orta Dəhlizin inkişafı üçün bir çox həll yolları təklif edə bilər.

Bu barədə Trend-ə İsveçrənin Azərbaycandakı və Türkmənistandakı səfirliyinin regional əməkdaşlıq şöbəsinin müdir müavini, missiya rəhbərinin müavini Qi Bonvin deyib.

O qeyd edib ki, Çindən Avropaya Mərkəzi Asiya və Cənubi Qafqaz vasitəsilə nəqliyyat marşrutu hazırda fəal inkişaf edir: nəqliyyat və logistika imkanları modernləşdirilir və genişləndirilir:

"Bu dəhliz ticarəti əhəmiyyətli dərəcədə sadələşdirəcək və regionun tranzit qovşağı kimi mövqeyini gücləndirəcək. Təkmilləşdirilmiş transmilli əlaqə daha səmərəli təchizat zəncirlərinə və bazara çıxışın yaxşılaşmasına səbəb olacaq ki, bu da İsveçrə şirkətləri üçün müsbət xəbərdir.

İsveçrə Orta Dəhliz kontekstində lazım ola biləcək bir çox infrastruktur həlləri təklif edə bilər: məsələn, ictimai nəqliyyat, dəmir yolları, körpülər, tunellər və mühəndislik xidmətləri. Bundan əlavə, yüklərin izlənməsi və logistika sahəsində ixtisaslaşmış İsveçrə şirkətləri innovativ həllər təklif edə bilərlər".

Qeyd edək ki, Orta Dəhliz Mərkəzi Asiya, Qafqaz, Türkiyə və Şərqi Avropa ölkələri vasitəsilə Çinin və Avropa İttifaqı ölkələrinin konteyner dəmir yolu yükdaşıma şəbəkələrini birləşdirir.

Çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dənizlərin bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir.

Orta dəhliz Çindən Türkiyəyə, eləcə də Avropa ölkələrinə və əks istiqamətdə yük daşımalarının artmasına imkan verir.

Bu dəhlizlə hərəkət edən marşrut qatarı Çindən Avropaya malları orta hesabla 20-25 günə çatdırır və bu, bu nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun