Günel: «Lüt şəkilləri olan xalq artistlərimizdən danışın...» - FOTO
16 İyun 2010 09:40
- Niyə sizi ciddi müğənni olaraq qəbul etmirlər?
- Müğənni olmağıma şübhə edənlər min manat versinlər, gəlim, yarım saat toylarında oxuyum. Görsünlər ki, mən səhnədə nəyə qadirəm. Toy yiyəsi məni çağırmır ki, görünüşümə baxsın, mən ora yalnız oxumağa gedirəm. Televiziya verilişlərində açıq-saçıqlıq, mentalitet haqda mövzu olanda, nədənsə Günel Ələkbərova yada düşür. Günün günorta çağı Bakı küçələrinə çıxın, qızlar lüt gəzirlər. Sıravi vətəndaşdı deyə ona hər şey olar, mənə yox? Bəzi müğənnilərdən fərqli olaraq ədəbsizlik etmirəm, çılpaq şəkillər çəkdirib, reklam xatirinə saytlara qoymuram. Əksər müğənnilər konsertlərinə az qalmış, ya da gündəmə gəlmək üçün nələrisə, haralarınısa çəkdirib, efirlərə və yaxud mobil telefonlara yayırlar. Amma açıq-saçıq geyinən müğənni deyən kimi Günel Ələkbərovanı gözə soxurlar. Xalq artistlərimizin lüt şəkilləri var. Gedin, onlardan danışın, məndən nə istəyirsiniz? Allaha şükür, mən ailəmlə bir yerdə yaşayıram. Hər zaman alnım açıq olub. Qadının əxlaqını geyimi ilə ölçmək olmaz. Elə qapalı geyinən müğənnilər var ki, min oyundan çıxırlar.
- Bəs siz isə efirlərə hər zaman şəxsi həyatınızla bağlı yaşanan qalmaqallarla - evlənib, daha sonra boşanma prosesləri ilə gəlirsiz?
- Efirlərdə şəxsi həyatımla bağlı məcbur olub, danışmışam. Müğənnilərin yaradıcılığı ilə yanaşı, şəxsi həyatı da diqqət mərkəzində olur, gündəmə gəlir. Siravi vətəndaş olsam, şəxsi həyatımı kiməsə açqlamaq məcburiyyətində qalmaram. Müğənni olduğuma görə, haqqımda nəsə danışanda, efirə çıxıb, özümü müdafiə edirəm.
"Hazırda sevdiyim, görüşdüyüm insan var, amma..."
- Hazırda boşanma prosesiniz hansı mərhələdədir?
- Həyat yoldaşım olan şəxslə hələ də rəsmi olaraq ər-arvad sayılırıq. Ona boşanmaqla bağlı müraciət edəndə etiraz etdi. Vəkilim hələ də qarşı tərəflə danışıqlar aparır, boşanacağam. Onunla nikahda olmaq mənim üçün qara ləkədir. Düzdür, o, barışmaq istəyir, amma mən həyatı boyu onunla barışmaram. Həyatımın həmin səhifəsini bağlayıb, zibil vedrəsinə atmışam. O insandan həm mənəvi, həm də maddi zərbələr almışam. Mənə hədə-qorxu gəlirdi. "Novostroyka"da yaşayırdım. Aşağıda mühafizəçi olduğu halda, gəlirdim ki, mənzilimin dəmir qapısı sındırılaraq, evimə oğrular girib. Artıq bütün bunlar keçmişdə qalıb. Cavan qızam, təbii ki, mənim də görüşdüyüm, sevdiyim insanlar olub. Düşünürəm ki, bu normaldır. Hazırda həyatımda sevdiyim insan var, amma ailə qurmaq haqda fikirləşmirəm. Özü də qarşı tərəfin mənə olan münasibəti çox ciddidir. Bir sözlə, həm sevir, həm də sevilirəm.
"Müğənni olmağıma çox peşmanam"
- Bu fikirlə razısınız ki, qadın müğənnilərin əksəriyyətinin şəxsi həyatı, ailə qurmaq istəyi heç də hər zaman uğurlu alınmır?
- Müğənnilərin həkimdən, müəllimdən, iş xanımından nəyi əskikdir? Niyə müğənnilər ailə həyatı qura bilməz? Evlilik söhbətindən sonra mənimlə ailə qurmaq istəyənlər, elçi düşənlərin sayı çoxaldı. Amma mən ailə qurmaq mövzusunu hələ ki, bağlamışam. Çünki hazırda bütün diqqətimi yalnız yaradıcılığıma yönəltmişəm. Mənim ailə qurmağım reklam xatirinə olmamışdı. Mən kimsəsiz deyiləm, qohum-əqrabam, valideynlərim var. Reklam xatirinə bu qədər işləri etməzdim. Reklam xatirinə başqa variantlara əl atardım. Daha "ZAQS"a getməz, molla yanında kəbin kəsdirməzdim. Sizə səmimi etiraf edim? Müğənni olmağıma çox peşman olmuşam. Bir məsəl var, uzunqulağa minmək bir ayıb, düşmək iki ayıb. Müğənnilik elə bir sənətdi ki, hamının əsl üzünü görə bilirsən. Əksər müğənnilərin dediyi bir, əməli isə başqa cürdür. Elə məqamlar olanda müğənniliyə nifrət edirəm. Bakı balaca şəhərdi, pis niyyətli, ikiüzlü insanlar istənilən peşə sahələrində var. Keçmişdə şəxsi həyatımla bağlı özbaşınalıq etdiyimə görə, ailəm məni qəbul etməyə bilərdi. Amma doğmalarım mənim arxamda dayandı, mənə dəstək oldu.
"Özüm haqda elə şayiə eşitmişəm ki... oturub, günlərlə ağlamışam"
- Dünya şöhrətli pop-ifaçısı Madonna məşuqlarından yalnız karyera pillələrində ucalmaq üçün istifadə edib: birindən gitara çalmağı öyrənib, digərinin səsyazma studiyasında yeni mahnısını ərsəyə gətirib... Bizim müğənnilər isə "sponsor"larından yalnız bahalı geyim, avtomobil və mənzillər üçün istifadə edirlər, elə deyilmi?
- Sözlərinizdə həqiqət var, amma bunu bütün müğənnilərə şamil etmək olmaz. Yəni ərindən boşanan müğənni olur. Və yaxud başqa məqsədlərlə müğənni olanlar da tapılır. Şou-biznesi çirkaba çevirənlər məhz belələridir. Bəzən özüm haqqında elə şayiə eşitmişəm ki... oturub, günlərlə ağlamışam. Sonra sübut eləmişəm ki, yayılan xəbər yanlışdır, Bu haqda ətraflı açıqlama vermək istəmirəm. Ailə həyatımda uğursuzluq yaşayanda düz iki ay evdən bayıra çıxmırdım, insanlardan utanırdım. Mənim şəxsi həyatımı müzakirə edənlər, öz ailələrinə və keçmişlərinə baxsınlar.
"Şort" geyib, onu dartışdıracağamsa, geyinməsəm yaxşıdı"
- İctimai qınağa tuş gəlməkdən qorxmursunuz?
- Qətiyyən. Hətta geyimlərimdə də çərçivə daxilində sərbəstəm. Əgər hansısa paltarda özümü narahat hiss etsəm, onu geyinmərəm. Hansısa məclisə "şort" geyib, onu dartışdıracağamsa, geyinməsəm yaxşıdı. İnsanların arasında sıxılmıram, hər zaman özümü sərbəst hiss edirəm. Özüm kimi olmasam, əvvəl-axır maskam cırılacaq.
- Milli Məclis bir müddət öncə ictimai yerlərdə siqaret çəkməyi qadağan etdi. Sizin siqaret çəkən qadınlara münasibətiniz necədir?
- Siqaret çəkmək tərbiyəsizlik deyil. Kimsə siqaret çəkirsə, bu, onun öz işidir. Xanımların siqaret çəkməsinə normal yanaşıram. Bir məsələ də var ki, qadından siqaret yox, ətir iyi gələr. Siz şou-biznesdə olan "mavi" kişi müğənnilərdən danışın. Bax onlar ictimaiyyətimizə ləkədir.
Aytən
Milli.Az



