Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin nəzdində Opera Teatrının açılışı olub - FOTO

20 Sentyabr 2024 16:53

Fidan Hacıyevanın Vokal Musiqi Məktəbinin nəzdində Opera Teatrının açılışı olub.

Tədbir Milli Musiqi Gününə həsr olunmuş. Gecənin açılışında tanınmış teleaparıcı Saleh Bağırov qeyd edib ki, Milli Musiqi Günü tarixə görkəmli bəstəkar, musiqişünas, pedaqoq, publisist, dramaturq, Azərbaycan peşəkar musiqi sənətinin banisi, SSRİ Xalq Artisti Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır. Bu ilin aprel ayında bir həftə ərzində müxtəlif səhnə meydançalarında keçirilən uğurlu Fidan Hacıyevanın Birinci Beynəlxalq Opera Festivalı və onun 2025-ci ildə davamından bəhs edilib.

Azərbaycanın Xalq artisti, Milli Konservatoriyanın müəllimi Fidan Hacıyeva qeyd edib ki, Opera Teatrının açılışı gənclərin opera sənəti sahəsində inkişafına yönəlib, istedadlı tələbələrə, ali məktəb və məktəb məzunlarına öz yaradıcılığını geniş ictimaiyyətə nümayiş etdirməyə imkan yaratmaq məqsədi daşıyır. Layihə çərçivəsində yeni operalar yazılacaq, müxtəlif proqramlar icra ediləcək, Azərbaycanda ilk dəfə uşaq opera əsərləri və balet tamaşaları yaradılacaq, ölkənin müxtəlif səhnə meydançalarında və ali məktəblərində çıxışlar olacaq. Bir çox yeniliklər Fidan Hacıyevanın İkinci Beynəlxalq Opera Festivalında təqdim olunacaq.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, pianoçu, bəstəkar Könül Hüseynova, şəhid, pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin həyat yoldaşı, "Yenilməz Azərbaycan"adlı yeni vətənpərvərlik operasının yaradılmasından danışıb. Musiqiçi və prodüser Asif Kərimov gənclər arasında yaradıcılıq sənətinin inkişafı ilə bağlı fikirlərini bölüşüb. Qonaqlara Xalq artisti Fidan Hacıyeva, Əməkdar artist Fərid Əliyev, MEZZO qadın Kamera Orkestri, solistlər Emin İsmayılov, Rauf Məmmədzadə, Cavid Ələkbərli və gənc istedadların iştirakı ilə Üzeyir Hacıbəylinin əsərləri konsert proqramında təqdim olunub.