MSK parlament seçkiləri üçün seçicilərin sayını açıqladı

26 May 2010 15:50
Bu gün MSK-nın nəzdində Seçkilər İnformasiya Mərkəzində siyahıların yekun variantı media nümayəndələri üçün nümayiş olunub. Mərkəzin rəhbəri Ramil Hüseynov bildirib ki, artıq seçici siyahılarının yenidən nəşr olunması prosesi başlayıb. Mərkəz rəhbəri ümumilikdə siyahıların dəqiqləşdirilməsi prosesi ilə bağlı məlumatları da jurnalistlərin diqqətinə çatdırıb.

MSK katibi Natiq Məmmədov bununla bağlı keçirdiyi mətbuat konfransında bildirib ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesi ənənəvi olaraq hər il yanvar ayından mayın sonuna kimi davam etdirilir. O bu prosesdə bütün seçki komissiyaların, yerli icra orqanları, hüquq-mühafizə orqanları və bələdiyyələrin iştirak etdiyini qeyd edib. O, siyahılar dərc olunandan sonra onların aşağı seçki dairələrinə göndəriləcəyini vurğulayıb: "Proses uğurla aparılıb. Siyahılar mükəmməl şəkildə hazırlanıb. Amma insanların yerdəyişməsi, ünvanların dəyişməsi və digər amillərə görə ola bilər ki, əlavə addımlar atılsın. Buna görə də səsverməyə bir müddət qalmış siyahılar yenə də dəqiqləşdiriləcək".

N. Məmmədov siyahıların MSK-nın saytına yerləşdiriləcəyini də bildirib. MSK katibi dəqiqləşmiş siyahılara görə Azərbaycanda 4 milyon 830 minə qədər seçicinin olduğunu qeyd edib: "Bu daimi seçici siyahılarıdır. Amma müvəqqəti seçici siyahıları da var ki, onlar da səsverməyə az qalmış daimi seçici siyahıların əlavə olunur".

/APA/