"Əsrin Müqaviləsi"nin 30 ili tamam olur

20 Sentyabr 2024 07:30

Bu gün "Əsrin Müqaviləsi"nin imzalanmasından 30 il ötür.

Milli.Az-ın məlumatına görə, 20 sentyabr 1994-cü ildə Bakıdakı "Gülüstan" sarayında öz müstəsna əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adını almış müqavilə bağlandı. Dənizin dərinliyində yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi və məhsulun pay bölgüsü haqqında 400 səhifəlik bu müqavilə 4 dildə tərtib edildi.

"Əsrin müqaviləsi"ndə 8 ölkədən (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya, Səudiyyə Ərəbistanı) 13 şirkət (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak edirdi. Bu müqavilə sonradan 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanmasına şərait yaratdı.

"Əsrin müqaviləsi" imzalanandan sonra onun iştirakçıları işçi strukturlar - Rəhbər Komitə, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) və Məsləhət Şurası yaratdılar. Həmin strukturlar hüquqi səlahiyyət qazandıqdan, yəni 1994-cü il dekabrın 2-də Azərbaycan Prezidenti xüsusi Fərman imzalayandan sonra fəaliyyətə başladılar. 1994-cü il dekabrın 12-də Milli Məclis "Əsrin müqaviləsi"ni ratifikasiya etdi.

Prezident Heydər Əliyevin 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanma mərasimində söylədiyi nitq geniş mənatutumlu tarixi sənəd olub, təkcə siyasi maraqlar dilində deyil, həm də siyasi təhlil dilində danışmağa imkan verir. Bu nitqdə Azərbaycan dövlətinin başçısının niyyət və qərarlarını interpretasiya etmək üçün onun zəngin dil və dünyagörüşü imkanları ifadə edilmişdir.

"Əsrin müqaviləsi" tarixə Heydər Əliyevin Prezident hakimiyyəti siyasətində baza prioritetini - neft strategiyasını müəyyən etmiş ilk iri iqtisadi sənəd kimi düşmüşdür. Lakin "Əsrin müqaviləsi"nin əhəmiyyəti hələ o vaxt da təkcə gözlənilən merkantil səmərə ilə məhdudlaşmırdı. 1990-cı illərin əvvəlində Azərbaycan Heydər Əliyevin layihəsi əsasında fəlakətli vəziyyətdən çıxırdı. Layihə onun siyasətində həmişə olan və dilə gətirilməyən, ən uzaqgörən məsləkdaşlarının oxuya bildiyi mülahizələrin məcmusu idi. O illərdə Azərbaycan dövləti tarixi Azərbaycan dövlətçiliyinin varisi hüquqlarını həyata keçirməyə, təkcə özünün mövcud olduğu qısa zaman kəsiyi üçün deyil, Azərbaycan tarixinin bütün təcrübəsi üçün məsuliyyət daşımağa məhkum idi. Bu mənada "Əsrin müqaviləsi" ayrı-ayrı dövrlərin əlaqəliliyi ideyasını, Heydər Əliyev siyasətinin əsas məqsədinə - ictimai rifaha xidmət edən dəyərləri əks etdirən dünyagörüşü aktına çevrildi.

"Əsrin müqaviləsi" labüd olaraq Azərbaycanda sosial tədbirlərin miqyasının dəyişməsinə doğru aparırdı: ölkəyə böyük məbləğdə pul axını yaranması ilə əlaqədar millət hərc-mərclikdən və parçalanmaqdan xilas olmaq imkanı qazanırdı - Azərbaycan milləti dəqiq məzmuna malik həyati əhəmiyyətli vəzifələri yerinə yetirməli idi. Bu vəzifələrin mahiyyəti səmərəli modernləşdirmə həyata keçirməkdən ibarət idi, lakin bu zaman iki zəruri şərtə - müstəqilliyi qoruyub saxlamaq və millətin mənəvi-əxlaqi gücündən istifadə etmək şərtlərinə əməl olunmalı idi. "Əsrin müqaviləsi" məhz insanın təsərrüfatçılıq enerjisinin sərbəstləşməsi kimi başa düşülən bu cür modernləşmənin hərəkətverici qüvvəsinə çevrilməli idi. Lakin müvafiq proseslərə nəzarət edilməsi dövlətin səlahiyyətində qalırdı. Beləliklə, əlamətdar "müqavilə" sözü uzunmüddətli əməliyyat mənası kəsb etdi.

"Əsrin müqaviləsi"nin reallaşdırılması indi, neçə illər keçəndən sonra, çox düzgün olaraq Azərbaycan millətinin malik olduğu potensial qüvvə barədə düşünməyə vadar edir. Bu qüvvə adi gözlə görünməyən enerji ehtiyatlarından, millətin iradə gücündən və böyük amallara can atmasından asılıdır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun