20 kiloluq piton ilanı qab yuyan qadına... - Dəhşətli hadisə

18 Sentyabr 2024 20:55

Taylandın Banqkok şəhərinin ətrafında 4 metrlik piton qadına hücum edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bangkok Post" məlumat yayıb.

64 yaşlı Arrom Arunroj bir ildir ki, tək yaşadığını bildirib. Həmin axşam o, işdən evə qayıdıb nahar edib və meşənin yanında yerləşən qamış evinin arxasına qab yumağa gedib. Arunrojun sözlərinə görə, o, əyilərək qab yuyarkən budunda kəskin ağrı hiss edib. Dönərkən nəhəng bir ilan görüb.

Yaşlı qadın pitonun başından tutaraq onu qoparmağa çalışsa da, öhdəsindən gələ bilməyib. İlan Arunrozun bədəninə dolanaraq onu boğmağa çalışıb. Qadın pitonla iki saat mübarizə aparmalı olub. Sonra qonşusu köməyə çatıb. O, xilasediciləri çağırıb. Qadını 20 kiloluq pitonun əlindən xilas etmək üçün onlara yarım saat vaxt lazım olub. Qadının bədənində bir neçə dişləmə yeri aşkar edilib.

Qeyd olunur ki, pitonlar zəhərli deyil, lakin onların buraxdıqları yaralar infeksiyaların yayılmasına səbəb ola bilər.

Arunroja ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun