"Xızı-Abşeron" külək elektrik stansiyası layihəsi Azərbaycanın enerji strategiyasında bərpa olunan enerji resurslarına keçidi sürətləndirmək üçün əhəmiyyətli addım hesab olunur.
Milli.Az xəbər verir ki, Trend "Xızı-Abşeron" külək elektrik stansiyası "yaşıl enerji" potensialını araşdırıb.
Bu layihə ekologiya, enerji təhlükəsizliyi və iqtisadi inkişaf üçün geniş perspektivlər açır. "Xızı-Abşeron" külək elektrik stansiyası (KES) Azərbaycanın bərpa olunan enerji sahəsindəki mühüm layihələrdən biridir. Bu stansiya bölgənin güclü külək potensialından istifadə etməklə elektrik enerjisi istehsalını artırmağı hədəfləyir.
Azərbaycanın ilk, Qafqazın isə ən böyük külək elektrik stansiyası 240 meqavatt gücündə olacaq. Layihə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən reallaşdırılacaq. Ötən müddətdə layihənin reallaşdırılmasına 300 milyon ABŞ dolları ayrılıb. Bu isə Səudiyyə Ərəbistanı şirkətinin öz ölkəsindən kənarda yatırdığı ən böyük investisiyasıdır.
İmzalanan müqaviləyə əsasən "Xızı-Abşeron" KES 2025-ci ildə istismara veriləcək.
Stansiyada ildə 1 milyard kVt/saat elektrik enerjisinin istehsal edilməsi planlaşdırılıb ki, bu da 220 milyon kubmetr təbii qaza qənaətə və 400 min tondan artıq CO2 emissiyasının atmosferə atılmasının qarşısını almağa imkan yaradacaq.
Stansiyada müasir, yüksək səmərəliliyə malik külək turbinləri quraşdırılır. Bu, enerjinin daha effektiv istehsalını təmin edir. Bərpa olunan enerji mənbələri kimi, KES-in istifadəsi karbon izini azaltmağa və ekologiyanı qorumağa kömək edir. Bu layihə Azərbaycanın enerji müstəqilliyini artırır, eyni zamanda, elektrik şəbəkəsinə dayanıqlılıq təmin edir, enerji müstəqilliyini artırır.
"Xızı-Abşeron" KES Azərbaycanın "yaşıl enerji" keçidinin bir hissəsi kimi, ölkənin enerji sektorunda mühüm addım hesab olunur. Bu cür layihələr Azərbaycanın ekoloji və iqtisadi davamlılığını artırmaq məqsədini güdür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun