Elza Seyidcahan AYB-yə çağırılacaq - Rəşad Məciddən açıqlama

18 Sentyabr 2024 11:23

"Yaranmış qalmaqalla bağlı Elza Seyidcahan AYB-nin üzvü kimi quruma çağırılıb, onunla söhbət aparılacaq".

Milli.Az xəbər verir ki, bu sözləri AYB-nin sədr müavini Rəşad Məcid deyib. Rəşad Məcid "Yeni Müsavat"a açıqlamasında bildirib ki, bu mövzuda AYB sədri Anarla müzakirələri olub: "Məsələ ilə bağlı Anar müəllim məndən soruşdu, təklif etdim ki, məzuniyyətdən qayıtdıqdan sonra Elza xanımı AYB-yə çağırıb, katiblikdə müzakirə aparaq. Müzakirədən sonra hansısa qərar olarsa, bunu ictimaiyyətə açıqlayacağıq".

Rəşad Məcid Elza Syidcahanı istedadlı bəstəkar kimi xarakterizə edib: "Elza xanım çox istedadlı bəstəkardır. Onun ciddi musiqi əsərləri olur ki, reaksiyasız qalır. Bəlkə də ola bilsin ki, Elza xanım o cür ciddi və səviyyəli əsərlərinin reaksiyasız qaldığını görüb belə fərqli hərəkətlər edir, addımlar atır. Xatırlayırsınızsa, bir müddət əvvəl heyvanlar üçün konsert verirdi. Və yaxud geyimindəki fərqliliklərlə gündəmə gəlir və sairə. Həmin qeyd olunan şeirə gəldikdə, şeiri kağızdan oxuyanda fikirlərin heç birində söyüş, etik qaydaları pozan ifadələr yoxdur. Amma ictimaiyyətə qarşı bir qəzəb və ya bir hikkə var. Əgər Elza Seyidcahanın bu şeiri yazıb, efirdə səsləndirməsində günahı varsa da, digər günah səs-küy yaratmaq məqsədi ilə həmin şeiri oxumaq üçün onu efirə dəvət edən televiziya əməkdaşları, jurnalistlərdədir. Həm Elza Seyidcahandan, həm də jurnalistlərdən istəyim budur ki, belə ucuz məsələlərdən şou yaratmasınlar. Şəxsən mən həmin şeirdə pornoqrafik fikirlər görmürəm. Sadəcə, onu elə səsləndirir ki, qarşısında oturanlar ondan "uzaqgedən" nəticələr çıxardırlar və deyirlər ki, bu təhqirdedicidir. Adətən bu cür şeirlərlə bağlı Elza Seyidcahan danışarkən Nəsiminin şeirini, qəzələni misal gətirir, o da belə şeirlər yazıb. Burada söz oyunu olur. Elza Seyidcahan istəyir ki, qarşısındakını söz oyunu ilə şoka salsın, silkələsin. Ondan da hərə özünə uyğun nəticələr çıxardır. Elza Seyidcahanın hərdən fərqli, maraqlı, diqqətçəkən şeirləri də olur. Həmin şeirlərdə bir üsyan, etiraz var. Poeziyanın da mahiyyəti budur. O ki qaldı sosial şəbəkə istifadəçilərinə, onlar da fərqli-fərqli insanlardır. Bəzən ən yaxşı ağıllı sözə etinasız qalıb, ən mənasız sözü göylərə qaldıran sosial şəbəkə dövründə yaşayırıq".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun