Enerji keçidi: dünya təmiz və dayanıqlı gələcəyə doğru

18 Sentyabr 2024 00:22

Enerji keçidi bu günün real ehtiyacıdır. Enerji keçidi iqlim dəyişikliyi ilə mübarizədə və davamlı gələcəyə doğru irəliləməkdə əsas addımlardan biridir. Enerji sektoru qlobal iqlim dəyişikliklərinin qarşısını almaq və Paris Razılaşmasının məqsədlərinə çatmaq üçün vacib rol oynayır. Bu sektor istixana qazlarının emissiyalarını azaltmaq və davamlı enerji gələcəyinə keçid üçün əsas strateji rol oynayır.

Enerji keçidi ilə bağlı konvensiyalar çərçivəsində, beynəlxalq öhdəliklər iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərin mühüm hissəsidir. Bu öhdəlikləri müəyyən edən əsas sənədlər Kioto Protokolu və Paris Razılaşmasıdır.

Son illərdə bərpa olunan enerji mənbələrinə keçid, enerji səmərəliliyinin artırılması və yeni texnologiyaların inkişafı sahəsində qlobal səylər göstərilib. Günəş və külək enerjisi kimi bərpa olunan enerji sahələri artıq istixana qazlarının emissiyalarını azaltmaq üçün qlobal strategiyanın ayrılmaz hissəsinə çevrilib.

Lakin bu keçidin əhəmiyyəti ekologiyadan çox daha genişdir; bu, daha davamlı və ədalətli bir dünyaya doğru atılan bir addımdır.

Dünyanı dəyişən addımlar

Son illərdə dünya bərpa olunan enerji sahəsində inanılmaz bir irəliləyişə şahid oldu. Ölkələr və şirkətlər kömür, neft və qaz istifadəsini azaltmaq məqsədilə təmiz texnologiyalara investisiya yatırırlar. Dünyanın hər yerində günəş və külək stansiyaları inşa edilir, hidrogen texnologiyaları populyarlıq qazanır və enerji saxlama sistemləri inkişaf etdirilir. Məsələn, Avropada bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin həcmi əhəmiyyətli dərəcədə artıb, bu proses sənayedən nəqliyyata qədər müxtəlif sektorlarda baş verir.

Lakin enerji keçidi yalnız texnologiyalardan ibarət deyil. Bu, həm də enerjinin və iqtisadiyyatın idarə olunma yanaşmalarının dəyişdirilməsi ilə bağlıdır. Artıq daha çox ölkə anlayır ki, onların gələcəyi iqlim dəyişiklərinə necə reaksiya verdiklərindən birbaşa asılıdır və "yaşıl" enerjiyə keçid milli prioritetə çevrilir. Bu, yalnız ətraf mühitin qorunması ilə bağlı deyil, həm də yeni iş yerlərinin yaradılması və iqtisadi inkişaf imkanlarının genişləndirilməsi ilə bağlıdır. Ənənəvi olaraq qaz və neftdən asılı olan bir çox region indi bərpa olunan enerji mənbələrinə keçid edərək, yeni sahələri inkişaf etdirir və iqtisadiyyatını gücləndirir.

Xüsusilə yeni texnologiyaların, o cümlədən, hidrogen energetikasının və enerji saxlama sistemlərinin inteqrasiyasına xüsusi diqqət yetirilir ki, bu da daha davamlı enerji sistemlərinin yaradılmasını təşviq edir. COP sənədlərində qeyd olunduğu kimi, bu tədbirlər artıq bir sıra ölkələrdə və regionlarda CO2 (Karbon) tullantılarının azalmasına, həmçinin, yeni iş yerləri və iqtisadi inkişaf imkanlarının yaranmasına səbəb olub.

Təmiz enerji və planetin gələcəyi

Dünya İqtisadi Forumunun (WEF Clean Energy 2024) hesabatına görə, bərpa olunan enerji mənbələrinin tətbiqi böyük şəhərlərdə hava çirklənməsinin xeyli azalmasına səbəb olub. Təmiz enerji keçidinin ən açıq üstünlüklərindən biri ətraf mühitə təsiridir. İstixana qazlarının azalması qlobal istiləşməni yavaşlatmağa və iqlim fəlakətlərini qarşısını almağa kömək edir. Təmiz texnologiyaların istifadəsi, həmçinin, hava və suyun keyfiyyətinin yaxşılaşmasına, bu da insanların sağlamlığına birbaşa müsbət təsir edir.

Enerji keçidinin təbii ekosistemlərin qorunmasına kömək etdiyi vurğulanır. Kömür, neft və qazın çıxarılması tez-tez ətraf mühitin dağıdılmasına səbəb olur, halbuki bərpa olunan enerji mənbələri bu ziyanın minimuma endirilməsini təmin edir. Bioloji müxtəliflik, meşələrin qorunması və su hövzələrinin təmizliyi - bunlar təmiz texnologiyaların inkişafının gətirdiyi müsbət dəyişikliklərin yalnız bir hissəsidir.

Yeni enerji cəhətdən effektiv texnologiyalarının tətbiqi kömür və neft istehsalının əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Bu proses şəhərlərdə hava keyfiyyətinin yaxşılaşmasına və ətraf mühit çirklənməsi ilə əlaqədar xəstəlik riskinin azalmasına imkan yaradır. COP və digər beynəlxalq təşkilatların məlumatlarına görə, bu dəyişiklik ətraf mühitin pisləşməsi ilə bağlı minlərlə vaxtından əvvəl ölüm hallarının qarşısını ala bilər.

BMT-nin İnkişaf Proqramının (UNDP Socio-economic Impacts) məlumatlarına görə, yeni enerji texnologiyalarının tətbiqi ölkələrin məhdud resurslardan, məsələn, neft və kömürdən, asılılığını azaltmağa kömək edir. Bu, iqtisadiyyat üçün daha proqnozlaşdırıla bilən şərait yaradır və dünya enerji qiymətlərindəki dalğalanmalarla əlaqəli riskləri azaldır. Bu xüsusilə enerji sektorunda tez-tez qeyri-sabitliklə üzləşən inkişaf etməkdə olan ölkələr üçün əhəmiyyətlidir.

Enerji keçidi yeniliklər və infrastrukturun inkişafı üçün geniş perspektivlər açır. Bərpa olunan enerji mənbələrinin, ağıllı şəbəkələrin və elektrik saxlama texnologiyalarının tətbiqi dayanıqlı artım imkanları yaradır. Üstəlik, enerji keçidi enerji təhlükəsizliyinə doğru bir addımdır.

Qeyd olunur ki, əvvəllər qalıq yanacaqlardan asılı olan ölkələr indi öz təmiz enerji mənbələrini inkişaf etdirə bilərlər. Bu, onları daha müstəqil edir və xarici iqtisadi şoklara qarşı daha dayanıqlı hala gətirir.

Enerji keçidinin gələcəyi

Gələcəkdə bizi nə gözləyir? Enerji keçidi davam edəcək. Texnologiyalar inkişaf etməyə davam edir və dünya üzrə ölkələr bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirəcək. Hidrogen texnologiyaları, nəqliyyatın elektrikləşdirilməsi və ağıllı enerji sistemləri - gələcəyimizdə bizi gözləyən yeniliklərdən yalnız bir neçəsidir.

COP konfransları bu məsələlərin müzakirəsi üçün açıq platforma rolunu oynayaraq, qlobal səyləri sürətləndirməkdə mühüm rol oynayır. Burada hökumət, biznes və vətəndaş cəmiyyəti nümayəndələri "yaşıl" enerji dəstək tədbirlərini müzakirə edərək, davamlı gələcəyə doğru addımlar atır.

Maliyyə, innovasiyalar və beynəlxalq əməkdaşlıq isə enerji keçidinin gələcəkdəki müvəffəqiyyətini müəyyən edəcək əsas alətlər olacaq.

Beləliklə, enerji keçidi bəşəriyyət üçün texnologiyaların yalnız iqtisadi inkişafı deyil, eyni zamanda planetimizin qorunmasını təmin edən bir dünya yaratmaq şansı təqdim edir və bu proses artıq başlayıb...

Trend

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun