Azərbaycan qısa müddətdə COP29-un keçirilməsi üçün müvafiq şəraiti yaradıb - Muxtar Babayev

18 Sentyabr 2024 00:14

Azərbaycan qısa müddətdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçirilməsi üçün müvafiq şəraiti yaradıb.

Milli.Az xəbər verir ki, bunu COP29 prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev AzTV-nin "Hədəf" verilişində deyib.

"Keçən ilin dekabr ayında yekdiliklə, bütün ölkələrin dəstəyi ilə COP29-un Azərbaycanda keçirilməsi barədə qərar qəbul olundu. Fürsətdən istifadə edərək qeyd edim ki, digər ölkələrdə adətən bu qərar 2 il öncə verilir. Ölkənin bu layihəni, böyük bir forumu təşkil etməsi üçün kifayət qədər - ən azı 2 il vaxtı olur. Bizim halda isə, tədbirə ev sahibliyi etmək üçün bir neçə ölkə namizəd kimi iştirak etmişdi və bu ölkələr də öz namizədliyini israrla saxlayaraq, COP28-in son gününə qədər öz mövqelərində qalmışdılar. Nəhayət, bununla bağlı qərar dekabr ayında verildi və Azərbaycanın xeyrinə verildi. Belə böyük bir məsuliyyətli forumun Azərbaycanda keçirilməsi ölkəmizin noyabr ayında üzərinə götürdüyü bir öhdəlik oldu. Bu forumun keçirilməsi üçün ölkəmiz bir neçə ildir ki, müxtəlif layihələrlə, müxtəlif yaşıl enerji və ya alternativ enerji layihələri ilə diqqətləri cəlb edirdi. Bilirsiniz ki, ölkəmiz bu sahədə ən qabaqcıl, innovativ layihələrlə çıxış edir. Dövlət başçısının bu sahədə çox böyük önəm verdiyi yaşıl enerji layihələri, yaşıl enerji zonaları, yaşıl enerji koridorları var. Bütün bu layihələr dünyanın da marağını Azərbaycana cəlb edib. Burada Azərbaycan öz liderliyini göstərməklə noyabr ayında bütün ölkələri buraya dəvət edib və burada iqlim danışıqlarının aparılması üçün müvafiq şərait yaradıb", - deyə M.Babayev bildirib.

Xatırladaq ki, 11-22 noyabr tarixlərində Bakı şəhərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının 29-cu tərəflər konfransı keçiriləcək.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun