Antiterror əməliyyatları erməni separatizminə son qoyulması ilə tarixə düşdü - Azər Qarayev

17 Sentyabr 2024 23:51

Azərbaycanın ötən ilin sentyabr ayında həyata keçirdiyi antiterror əməliyyatları uzun illərdir davam edən erməni separatizminə son qoyulması ilə tarixə düşdü.

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev bildirib.

Politoloq bildirib ki, xüsusilə Xankəndi şəhərində qurulan qondarma rejim və bu "rejim"in həyata keçirdiyi terror aktları Azərbaycan Ordusunu hərəkətə keçməyə vadar etdi. "24 saatdan az bir müddət ərzində Azərbaycan Ordusu bölgədəki qanunsuz erməni silahlı dəstələrini tam tərksilah edərək separatçıların qurduqları qeyri-qanuni sistemləri məhv etdi".

"Bu hadisələr həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə geniş əks-səda doğurdu. Azərbaycan Ordusunun göstərdiyi peşəkarlıq və sürətli əməliyyat hərb tarixində örnək olaraq göstərilə biləcək bir nümunə kimi qiymətləndirilir. Lokal xarakterli əməliyyat, qondarma rejimin dağılması və Ermənistanın revanşist niyyətlərinin tamamilə iflasa uğraması ilə nəticələndi".

A.Qarayev əlavə edib ki, 2020-ci ilin 10 noyabr Üçtərəfli Bəyanatının tələblərinə Ermənistan tərəfinin riayət etməməsi sülhün təmin olunması istiqamətindəki bütün səyləri zərbə altına qoymuşdu. Azərbaycanın dəfələrlə etdiyi sülh çağırışlarına rəğmən Ermənistan tərəfi bu çağırışları görməzdən gəlmiş, əksinə, gələcəkdə revanşist addımlar atacağına ümid bəsləmişdi.

"Nəticədə, 2023-cü ilin sentyabrında baş verən terror aktı, Azərbaycanın Qarabağ bölgəsində iki mülki şəxs və dörd polis əməkdaşının şəhid olması ilə ölkənin səbr kasasını daşırdı və antiterror əməliyyatlarına başlanıldı.

Azərbaycan ordusunun qısa müddətdə qazandığı qələbə, ölkəmizin Qarabağ üzərində tam suverenliyini bərpa etdi və erməni separatizminə son qoyuldu".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun