Firəngiz Mütəllimova nə vaxt doğma diyarına köçür?

17 Sentyabr 2024 08:14

"Şuşada işğaldan sonra ilk məktəb zənginin çalınması, uşaqların üzündə olan o sevinc hissləri hər şeyi yadıma saldı. Sentyabrın 1-i dərsə, mayın 1-i parada getməyimiz, bir sözlə bütün xatirələr göz önümdə canlandı. Çünki mənim atam da, anam da hər ikisi müəllim işləyiblər. Çox sevindim! Başqa məktəblərdə azyaşlı uşaqlar ağlayırdılar, amma Şuşadakı məktəbdə uşaqların üzündə sevinc və qürur hissi var idi. Hər biri böyük sevinclə məktəbə gedirdilər. Allah təala o sevinci körpələrin üzündən əskik etməsin. Gün o gün olsun ki, 30 ildən sonra Şuşada fəxrlə yenə irəliləsinlər. Mən bunu çox istəyirəm. Həmin görüntüləri öz səhifəmdə də paylaşdım. Allaha şükürlər olsun ki, bu günü mənə göstərdi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin. Ali Baş Komandanın da bütün yollarını açıq etsin"
 
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında xalq artisti Firəngiz Mütəllimova deyib. O daha sonra Şuşada yaşaması ilə bağlı suala belə cavab verib.

"Şuşayla bağlı arzularım çoxdur. Necə ki, 30 ildir Şuşa həsrəti ilə yaşamışıq, indi də hər gün sözümüz, söhbətimiz Şuşa haqqındadır. Bir-birimizə deyirik ki, Şuşada filan şey oldu, Şuşada bəhmən şey oldu. Yaşamaqla bağlı olan məqamları gələcək göstərəcək. Allahın köməkliyi ilə. Bu hər bir Şuşalının arzusudur. Nə vaxt məsləhət bilsələr onda da qayıdıb Şuşada yaşayarıq" deyə aktrisa bildirib.
 
Xalq artisti bildirib ki, aktrisa olmağına səbəb də elə Şuşa mühiti olub.
 
"Bu gün mənim xalq artisti, sevimli aktrisa olmağıma səbəb də elə Şuşadır. Oranın mühitidir əlbəttə ki. Çünki Şuşada evimizlə üzbəüz "Vaqif" kinoteatrı var idi. Qapıdan çıxan kimi kinoteatra gedirdim. Ermənilər həmin kinoteatrı yerlə-yeksan ediblər. Elə bil orada heç kinoteatr olmayıb. İndi Şuşa başdan-ayağa yenidən qurulur. Artıq Şuşada insan nəfəsi çoxalır, toy çalınır, dünyaya övladlar gəlir. İnanıram ki, hər şey əvvəlkindən də yaxşı olacaq. Yaşasın azad, müstəqil Azərbaycan" deyə xalq artisti bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun