Baxmutda xidmət edən 23 yaşlı ukraynalı tankçı qadın...- "Yalnız sakit həyat istəyirəm..."

17 Sentyabr 2024 08:07

Ukrayna ordusunun 30-cu əlahiddə mexanikləşdirilmiş briqadasının hərbi qulluqçusu, bölük komandirinin silahlar üzrə müavini 23 yaşlı Viktoriya Biryuk hazırda Baxmut istiqamətində döyüşür. 
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, ukrayın hərbçi qadın öz xidməti haqqında"Suspilna Donbas" kanalına danışıb.
 
"İşim - ixtisasım üzrə - texnikanın döyüşə hazır vəziyyətdə saxlanılmasıdır. Mən baxıram ki, birincisi, texnikadan düzgün istifadə olunsun. İkincisi, o, nasaz olmasın. Nəsə  nasazlıq olarsa, o zaman kömək edirəm ki, təmir olunsun. Ehtiyat hissələri üçün sifariş verirəm və əlbəttə ki, metodik olaraq kömək edirəm", - deyə Viktoriya nəql edir.
 
Onun vəzifələrinə mexaniklərin hazırlanması da daxildir.
 
"Daim mexaniklərlə dərslər keçirməliyik. Çünki texnika işlədirsinizsə, bəzən bir şey unudulur, yada salmaq gərəkdir. Və ya yeni kadrlar gəlir - avadanlıqların işləməməsinə səbəb olan səhvlərə yol verməmək üçün kifayət qədər bilikləri olmur", -deyə hərbçi qadın bildirir.
 
O, ordudakı həyatdan da danışıb.
 
"Çətindir. Özünün ayrıca otağın yoxdur, normal çarpayın yoxdur ki, orada rahat, necə istəyirsən, yatasan. İsti su yoxdur, daim  soyuqla yuyunmalısan..."
 
Viktoriya deyir ki, "burada makiyaj etməyin mənası yoxdur. Çünki tozun içində tankla gəzəndən sonra ondan əsər-əlamət qalmır".
 
"Və saç düzümü... Burada heç kəs zülflərini müxtəlif formaya salmır - biz meşədə gəzirik... Uniformam isə lazım olduğundan böyük ölçüdə verilmişdi və sonra mənə rahat olsun deyə özüm tikdim", - tankçı qadın belə deyir.
 
Onu  evdə anası və kiçik qardaşı gözləyir.  Digər qardaşı və bacısı da orduda xidmət edir, başqa bir qardaşı hərbçi olmaq üçün oxuyur. Həyat yoldaşı da hərbçidir.
 
"Müharibədən sonra orduda qalıb xidmət edib-etməmək barədə hələ qərar verməmişəm. Belə isə... Mən sadəcə sakit həyat istəyirəm. Çox sakit bir yerdə öz şəxsi evim olmasını arzulayıram",-  deyə ukraynalı hərbçi qadın ah çəkərək söyləyir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun