Zimbabvedə 200 fil öldürüləcək

15 Sentyabr 2024 09:36

Zimbabve hakimiyyəti, ölkədəki misli görünməmiş quraqlıq və bunun səbəb olduğu qida çatışmazlığı səbəbindən 200 filin öldürülməsini planlaşdırır. Eyni zamanda, bu tədbir, sürətlə artan fil populyasiyasını idarə etməyə yönəldilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, ölkənin Ekologiya Nazirliyinin məlumatına görə, Zimbabvedə fil sayı ehtiyacdan çoxdur. Bu səbəbdən hökumət, təbiət parkı ZimParks-ın mütəxəssislərinə bu heyvanların kəsilməsinə başlamağı əmr edib.

Mütəxəssislərin verdiyi məlumata görə, Zimbabvedə təxminən 100 min fil yaşayır və ölkə fil populyasiyasına görə Botsvanadan sonra ikinci yerdədir.

Hökumət, bu addımın su təchizatındakı problemləri azaltacağına və quraqlıq səbəbindən aclıq çəkən minlərlə insanı ətlə təmin edəcəyinə ümid edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun