Beynəlxalq film festivalında erməni təxribatının qarşısı alındı - FOTO

14 Sentyabr 2024 14:01

Mərakeşdə keçirilən beynəlxalq film festivalında erməni təxribatının qarşısı alınıb.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyindən Trend-ə verilən məlumata əsasən, 2024-cü ilin 11-15 sentyabr tarixlərində Mərakeşin Agadir şəhərində keçirilən İssni Nurgh Beynəlxalq Amaziq film festivalı (Festival Issni N'ourgh International du Film Amazigh - FİNİFA) çərçivəsində erməni əsilli Katia Spivakova Saakiantsın müəllifi olduğu 11 dəqiqəlik "All I need" filminin 13 sentyabr tarixində nümayişinin planlaşdırılması nəzərdə tutulub.

Festivalın rəsmi səhifələrində və sosial şəbəkələrində yayımlanmış məlumatlarda filmin sujetinin ölkəmizin vaxtilə Ermənistan tərəfindən işğal olunmuş ərazilərində baş verən hadisələrlə əlaqədar olduğu və Qarabağın Ermənistanın tərkib hissəsi kimi "Artsax" olaraq göstərilməsi məlum olmuşdur. Həmçinin filmdə qondarma "erməni soyqırımı"na da istinad edilib.

Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi tərəfindən Mərakeşin əlaqədar qurumları, həmçinin film festivalının təşkilatçıları ilə aparılmış iş nəticəsində, təxribat xarakter daşıyan "All I need" filminin festival çərçivəsində nümayişinin ləğv edilməsinə və bununla Mərakeş tamaşaçısında yanlış məlumat formalaşdırmaq istəyən erməni təbliğatının qarşısının alınmasına nail olunub.