Trend BİA-nın Direktoru: Azərbaycanın mədəni irsinin qorunmasında Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna rolu var - FOTO

13 Sentyabr 2024 14:22

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Azərbaycanın mədəni irsinin qorunmasında və bərpasında müstəsna rola malikdirlər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin Direktoru İlqar Hüseynov Sankt-Peterburqda keçirilən 10-cu beynəlxalq mədəniyyət forumu çərçivəsində "Media mədəniyyəti: imkanların hüdudları" adlı panel sessiyası zamanı deyib.

"Azərbaycan mədəniyyəti hazırda özünün "qızıl dövrünü" yaşayır. Bəşəriyyət Azərbaycanı, sözün əsl mənasında, qədim adət-ənənələrə və zəngin mədəniyyətə malik, dünya mədəni irsinin heyrətamiz tərkib hissəsinə çevrilmiş bir ölkə kimi kəşf etdi", - deyə İlqar Hüseynov bildirib.

Onun sözlərinə görə, Azərbaycanın zəngin və bənzərsiz mədəniyyəti bu gün xalqın qürur mənbəyidir.

"Bu baxımdan, istər Azərbaycanda, istərsə də xaricdə mədəni, tarixi, mənəvi irs obyektlərinin bərpası və əbədiləşdirilməsində Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın müstəsna rolunu xüsusi qeyd etmək istərdim", - deyə İlqar Hüseynov əlavə edib.

Sessiyaya TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman moderatorluq edib. Sessiyada, həmçinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yelena Vartanova, "Rossiyskaya qazeta"nın baş redaktorunun müavini Yadviqa Yuferova, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini, "Kultura" telekanalının direktoru və baş redaktoru Sergey Şumakov, eyni zamanda, "Belarus Seqodnya" nəşrinin direktoru-baş redaktoru Dmitri Juk və "Anadolu" agentliyinin Moskva ofisinin rəhbəri Ali Cura iştirak ediblər.

Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu sentyabrın 11-dən 14-dək keçirilir. Forumun 10 tematik bölməsinin hər biri mədəniyyətin müxtəlif aspektlərinə həsr olunub. İşgüzar proqrama xüsusən Rusiyanın BRİCS və MDB-də sədrliyinə həsr olunmuş tədbirlər, beynəlxalq mədəni əməkdaşlığın perspektivlərinin müzakirəsi daxildir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun