Formula 1 Bakıda: Azərbaycanın uğur yolu

13 Sentyabr 2024 09:31

Son illərdə Azərbaycan beynəlxalq səhnədə öz mövqeyini gücləndirməklə yanaşı, müxtəlif sahələrdə, xüsusən də idman sahəsində böyük uğurlar əldə edib. Formula 1 kimi mötəbər yarışların Bakı şəhərində keçirilməsi isə bu uğurların parlaq nümunələrindən biridir.

İlk dəfə 2016-cı ildə Bakıda baş tutan bu yarış, hər il ölkəmizə on minlərlə turist və izləyici cəlb edir, Azərbaycanın beynəlxalq imicini daha da gücləndirir və qlobal idman xəritəsindəki yerini möhkəmləndirir.

Azərbaycan təkcə idman yarışlarına deyil, həmçinin beynəlxalq siyasi, iqtisadi, humanitar və mədəni tədbirlərə də uğurla ev sahibliyi edir. 2012-ci il "Eurovision" musiqi müsabiqəsi, 2015-ci il Avropa Oyunları, eləcə də hər il təşkil edilən Beynəlxalq Humanitar Forum bu uğurların bir neçə nümunəsidir. Bu tədbirlər Azərbaycanın qlobal nüfuzunu artırmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına, turizm sektoruna və investisiya mühitinə də müsbət təsir göstərir.

Bakı siyasi, iqtisadi, idman və mədəni tədbirlərin mərkəzi olaraq Cənubi Qafqazın qlobal səviyyədə ən əhəmiyyətli şəhərlərindən birinə çevrilib. Şəhərimizdə keçirilən yüksək səviyyəli beynəlxalq tədbirlər, o cümlədən Formula 1 Azərbaycan Qran-Prisi, ölkəmizi dünya miqyasında tanıdaraq, Azərbaycanın turizm potensialını artırır. Məsələn, 2019-cu ildə keçirilən yarışları izləmək üçün Bakıya 85 mindən çox xarici qonaq gəlmişdi, bu isə şəhərin turizm sektoruna ciddi gəlir gətirib.

Formula 1 yarışları üçün Bakı şəhərində genişmiqyaslı hazırlıq işləri aparılıb. Yarışdan aylar öncə şəhərin əsas yolları təmir edilib, təhlükəsizlik tədbirləri gücləndirilib, tribunalar quraşdırılıb. Formula 1 yarışlarının arxasında isə yüzlərlə könüllü və marşal dayanıb. Könüllülər və marşallar bu mötəbər idman tədbirində iştirak etməklə böyük təcrübə və peşə bacarıqları əldə ediblər. Onların səyləri yarışların problemsiz və yüksək səviyyədə keçirilməsinə əhəmiyyətli töhfə verir. 2023-cü ildə təxminən 1300 könüllü bu yarışlarda iştirak edərək öz ölkələrinin beynəlxalq arenada təmsil olunmasına yardımçı olub.

Formula 1 yarışları təkcə idman həvəsi yaratmır, həm də milli birliyimizi möhkəmləndirir. Azərbaycan xalqı üçün şəhid ailələri hər zaman xüsusi qayğı ilə əhatə olunur. 2023-cü ildə şəhid övladlarının yarışları izləmək üçün tribunaya dəvət olunması isə Azərbaycanın milli dəyərlərə və qəhrəmanlarına verdiyi önəmi bir daha təsdiqləyir. Bu, həmçinin gənc nəsil üçün vətənpərvərlik ruhunun yüksəldilməsi baxımından da xüsusi əhəmiyyət kəsb edir.

Formula 1 yarışları zamanı Bakı şəhəri dünyanın müxtəlif yerlərindən gəlmiş minlərlə turistin diqqət mərkəzində olur. 2023-cü ildə yarışları izləmək üçün Bakıya təxminən 90 ölkədən turist gəlmişdi. Əsasən, Rusiya, Türkiyə, Böyük Britaniya, Almaniya və Yaponiyadan olan izləyicilər yarışları tribunadan izləyərək şəhərimizi yaxından tanımaq fürsəti əldə edirlər. Bu dövrdə şəhərdaxili hərəkətlilik artır, restoranlar, mehmanxanalar turistlərlə dolub-daşır. Mehmanxanaların doluluq səviyyəsi 95%-ə çatıb, restoranlar isə müxtəlif millətlərin mətbəxinə uyğun menyularla qonaqları qarşılayır.

Turistlərdən götürülən müsahibələrdə Bakının gözəlliyi, xalqın qonaqpərvərliyi və Azərbaycanın zəngin mədəniyyəti haqqında müsbət fikirlər eşidilir. Bu isə Azərbaycan turizminin qlobal səviyyədə tanınmasına və inkişafına müsbət təsir edir.

Formula 1 yarışlarının keçirildiyi günlərdə Bakıda təhlükəsizlik ən yüksək səviyyədə təmin edilir. İctimai asayişi qorumaq üçün polis və digər hüquq-mühafizə orqanları gücləndirilmiş rejimdə işləyir. 2023-cü ildə bu məqsədlə 5000-dən çox polis əməkdaşı xidmətdə olub, turistlərin və yerli sakinlərin təhlükəsizliyini təmin edib. Onların peşəkarlığı və məsuliyyəti sayəsində yarışlar hər il yüksək səviyyədə və problemsiz keçirilir.

Formula 1 yarışlarının Azərbaycanda keçirilməsi ölkəmiz üçün iqtisadi, turizm və imic baxımından böyük əhəmiyyət daşıyır. Bu mötəbər yarış vasitəsilə Azərbaycan dünya səviyyəsində tanınır, iqtisadiyyata milyonlarla gəlir gətirir və şəhərimizə minlərlə turist cəlb edir. Bununla yanaşı, dünya mediası vasitəsilə Bakı və Azərbaycan haqqında geniş miqyaslı məlumatlar yayılır. Formula 1-in yayım hüquqları 200-dən çox ölkədə satılır və bu da yarış zamanı Bakı şəhərinin, onun tarixi və mədəni irsinin qlobal arenada tanıdılmasına xidmət edir.

Formula 1 yarışları Azərbaycanın beynəlxalq arenada mövqeyini gücləndirən mühüm hadisələrdən biridir.

Orxan Hun
Milli.Az