Gürcüstanda ilk: Bunu azərbaycanca yazdılar…

12 Sentyabr 2024 21:35

Gürcüstanda parlament seçkisindən əvvəl bölgələr uğrunda rəqabət kəskin artıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, gürcü Teleqram kanalları hakim "Gürcü Arzusu" Partiyasının xüsusilə bölgələri hədəf götürdüyünü yazıb.

Buna əsas səbəb kimi partiyanın son etirazlardan sonra şəhərlərdə və paytaxt Tiflisdə reytinqinin aşağı düşməsi göstərilib. Özəlliklə bölgələrdə hər divar, hasar və ağaclara hakim partiyanın posterlərinin yapışdırıldığı vurğulanıb.

Ölkənin şərqində kompakt məskunlaşan azərbaycanlıların yaşadığı ərazilərdə isə "Gürcü Arzusu" ilkə imza atıb. Belə ki, burada təbliğat plakatlarının Azərbaycan dilində yayımlandığı bildirilib.

"Tbilisi life" Teleqram kanalı isə paytaxdan Ermənistan sərhədinə qədər olan yolda müxalifətin bir dənə də plakatının olmadığını yazıb. Bunun əvəzində isə müxalifətin televiziya və sosial şəbəkələrə yatırım etdiyi bildirilib.

Qeyd edək ki, Gürcüstanda seçki dönəmi xüsusilə azərbaycanlıların yaşadığı bölgələrdə daima rəqabətli keçib. Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası və Gürcü Arzusu azərbaycanlıların səsini almağa cəhd edirlər. Əgər əvvəllər Saakaşvilinin partiyası bu ərazilərdə daha böyük nüfuza sahib idisə, son dönəmlər balans Gürcü Arzusunun xeyrinə dəyişib. Buna əsas səbəblərdən biri kimi Vahid Milli Hərəkatın öz daxilində yaşadığı böhranlar və nəticədə partiyadan kütləvi qopmalar göstərilir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun