Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Avropa Şurasının İşgəncənin və Qeyri-insani yaxud Ləyaqəti Alçaldan Rəftar və ya Cəzanın Qarşısının Alınması üzrə Komitəsinin (İQAK) ictimai bəyanatına dair Avropa İttifaqının 11 sentyabr tarixli çıxışı ilə bağlı sualı cavablandırarkən bildirib.
"Avropa İttifaqının yenidən bu ictimai bəyanata istinad edərək qərəzli açıqlamalar verməsi qəbuledilməzdir və bu qarayaxma kampaniyasını qətiyyətlə rədd edirik.
Azərbaycan əleyhinə əsassız bəyanatlar səsləndirmək əvəzinə, Avropa İttifaqına üzv dövlətlərdə insan hüquqlarının pozulması hallarına diqqət yetirilməsini tövsiyə edirik.
Aİ-nin Fransa "sarı gödəkçələr" aksiyaları zamanı etirazçıların öldürülməsi, Fransanın neokolonial siyasəti nəticəsində dənizaşırı ərazilərdə yerli əhaliyə qarşı işgəncələr, Aİ strukturlarında rüşvətxorluq və korrupsiya hallarının yayılması, İslamofobiya və müsəlmanlara qarşı hücumların hələ də araşdırılmadığını və bu problemlərə adekvat münasibət bildirmədiyini vurğulayırıq.
Həmçinin təəssüflə qeyd edirik ki, Aİ Ermənistanda insan hüquqlarının pozulmasına, siyasi təqiblər nəticəsində həbs edilmiş şəxslərin həbsxanalarda həyatlarını itirməsinə, siyasətçilər və onların ailələrinə qarşı təqiblərə biganə qalmaqla ikili standart tətbiq edir.
Bu kontekstdə, Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatları Azərbaycana qarşı açıq şəkildə qərəzli mövqenin nümayişidir. Xüsusilə də, COP29 tədbiri ərəfəsində Azərbaycana qarşı bu qarayaxma kampaniyası ölkəmizə qarşı qərəzli münasibətin bariz nümunəsidir.
Azərbaycanda bütün vətəndaşların hüquqları qorunur, azadlıqdan məhrum edilmiş şəxslərin müdafiəsi beynəlxalq standartlara uyğun şəkildə təmin edilir. Avropa İttifaqının bu iddiaları tamamilə əsassızdır," - deyə A. Hacızadə vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqı (Aİ) 11 sentyabrda Avropa Şurası Nazirlər Komitəsinin iclasında İQAK-ın 3 iyul tarixli ictimai bəyanatına əsaslanaraq Azərbaycana qarşı tənqidi mövqe sərgiləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun