USAİD Ermənistanı alır

11 Sentyabr 2024 21:31

Erməni mediası ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana ayrılan maliyyə yardımını 120 milyon dollardan 250 milyon dollara qədər artıracağını böyük coşqu ilə qarşılayır. Bu məbləğ, baş nazirin müavini Mqer Qriqoryan və USAID-in Ermənistandakı missiyasının rəhbəri Con Alelo arasında imzalanan sazişin tərkib hissəsidir. Yardımın əsasən təbii fəlakətlərdən qorunma, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi kimi sahələrə yönəldiləcəyi bildirilsə də, bunun arxasında daha böyük məqsədlər dayanır.

USAID, dünyada ən böyük yardım təşkilatlarından biri olaraq, təkcə 2023-2025-ci illər üçün vətəndaş cəmiyyətinin inkişafına 9 milyard dollar ayırmağı planlaşdırıb. Lakin bu yardımın pərdəsi altında ABŞ-ın strateji maraqlarının həyata keçirilməsi məqsədini güdən qrantlar müxalif təşkilatları dəstəkləyir və Ermənistanı geosiyasi alətə çevirir.

Baş nazir Nikol Paşinyanın Qərb ilə sıx əlaqələri, o cümlədən ABŞ maliyyə və kəşfiyyat strukturları ilə sıx bağları nəzərə alınsa, bu yardımın Ermənistana verilməsi əslində ABŞ-ın regionda öz təsirini gücləndirmək üçün bir vasitədir. Rusiya sərhəd qoşunlarının İrəvan hava limanından çıxarılması və Zəngəzura ABŞ hərbi texnikasının yerləşdirilməsi, Vaşinqtonun Ermənistanda güclənməsini açıq şəkildə ortaya qoyur. ABŞ həmçinin Ermənistanın mülki nüvə texnologiyalarına çıxışını təmin etməyi də nəzərdən keçirir, bu isə bölgədə gərginliyi daha da artıracaq bir addımdır.

Bundan başqa, USAID-in Ermənistana ayırdığı maliyyə yardımı ABŞ-ın "Xarici Hərbi Maliyyələşdirmə" proqramı ilə əlaqələndirilir. Bu proqramın məqsədi ABŞ müttəfiqlərinə müasir hərbi texnologiya və avadanlıqlara çıxışı təmin etməkdir. Artıq "Eagle Partner 2024" hərbi təlimləri də göstərir ki, Ermənistan ABŞ-ın Cənubi Qafqazdakı strategiyasının əsas oyunçusuna çevrilir. Gürcüstanda 2024-cü ildə baş vermiş dövlət çevrilişi cəhdi də USAID-in Cənubi Qafqazdakı fəsadlı fəaliyyətinin tərkib hissəsidir.

Bu fəaliyyətlər təkcə Ermənistanın daxilində deyil, həm də regionun balansını pozur. ABŞ-ın Ermənistana yönəltdiyi hərbi və maliyyə yardımı, əslində, Ermənistanın daxili siyasi vəziyyətini sabitsizləşdirir və Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vurur. Rəsmi bəyanatlara baxmayaraq, ABŞ Ermənistanda revanşist əhval-ruhiyyənin artmasına və münaqişənin həllinə əngəl yaradır.

Azərbaycan üçün isə mina təhlükəsi işğaldan azad olunmuş ərazilərə qayıdışın qarşısını alan əsas maneələrdən biridir. Vaşinqton bu məsələdə yardım etmədiyi halda, Ermənistanı silahlandırmaqla bölgədə sülhə mane olmağa davam edir.

Samanta Pauerin Ruben Vardanyanla yaxın əlaqələri və ABŞ-ın Ermənistanda təsirini artırmağa çalışması, əslində, USAID-in ABŞ-ın dövlət maraqlarını irəlilədən bir qurum olduğunu açıq şəkildə göstərir. Ermənistanın ABŞ-ın strateji alətinə çevrilməsi isə regionda yeni problemlərin yaranmasına səbəb olacaq. Lakin Ermənistanın Rusiya orbitində qalmaqda davam edəcəyi ehtimalı ABŞ-ın planlarını suya sala bilər.

Bu prosesin nəticələri region üçün çətin olacaq və Ermənistan ABŞ-ın marioneti rolunu oynamaqla öz müstəqilliyini də riskə atır. Paşinyan Ermənistanın suverenliyini beynəlxalq güclərə satır, ABŞ-ın təsiri altında isə Ermənistan bölgədə geosiyasi alverə çevrilir.

Milli.Az