11 sentyabr terrorundan 23 il ötür

11 Sentyabr 2024 14:02

2001-ci il sentyabrın 11-də ABŞ-də silsilə terror aktları törədilib. Həmin faciədən artıq 23 il ötür.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, faciə nəticəsində təxminən üç min insan həlak olub.

Rəsmi məlumata əsasən, həmin gün səhər saatlarında "Boeing 767" tipli iki təyyarə Ümumdünya Ticarət Mərkəzinin 110 mərtəbəli qoşa binalarına, "Boeing 757" tipli üçüncü təyyarə Vaşinqtonda yerləşən ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) binasına çırpılıb.

"Boeing 757" tipli dördüncü təyyarə isə Pitsburq şəhərindən 80 mil məsafədə yerə düşüb. "American Airlines" və "United Airlines" aviaşirkətlərinə məxsus həmin təyyarələrin terrorçu-kamikadzelər tərəfindən qaçırıldığı bildirilib.

Terror aktı nəticəsində Nyu-York şəhərinə dəyən zərərin ümumi həcmi 36 milyard dollar təşkil edib. "Əkiz" qüllənin dağıntılarının təmizlənməsi isə səkkiz aydan çox vaxt aparıb. Pentaqonun binasının dağılmış qərb hissəsi 2002-ci ilin sentyabr ayında bərpa olunub.

11 sentyabr terroru "Əl-Qaidə" lideri Usama bin Laden tərəfindən təşkil edilib.

Ümumilikdə, 11 sentyabr 2001-ci ildə ABŞ-nin müxtəlif bölgələrində törədilən terror aktları nəticəsində Nyu-York, Vaşinqton, Pensilvaniya və Şanksvil ətrafında 2977 nəfər öldürülüb.

İlkin hücumlar və qüllələrin dağılması zamanı həlak olanlardan 343 nəfər Nyu-York şəhərinin yanğınsöndürənləri, 23 nəfər Nyu-York şəhər polis işçiləri və 37 nəfər liman zabitləri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun