Xalq artisti filmlərdəki adlarını nəvələrinə qoyub: “38 adım var”- FOTO

12 Sentyabr 2024 09:10

"60 ildir ki, kino sahəsindəyəm. Kinoda 38 adım olub. 20 filmdə də rejissor kimi çalışmışam. Bütün rollarım mənim üçün əzizdir. Heç birini digərindən ayırmıram. Düzdür, böyük rollarım da var, ikinci dərəcəli rollarım da olub, epizodlarda da çəkilmişəm. Amma mənim üçün hər biri əzizdir. Hər bir nəvəmə canlandırdığım obrazlardan birinin adını vermişəm. Murad, Cəlal, Sirac. Artıq uşaqlar da böyüyüblər. Hərəsinin öz işi-gücü var. Heç birinin bu sahəyə həvəsi yoxdur. Təkcə Murad nəvəm həm montajı bilir, həm də operator işini"

Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Ənvər Həsənov deyib. O daha sonra deyib.

"Arzum var idi. "Qatır Məmməd"-i çəkmək istəyirdim. Sponsor da tapmışdım. Sonra 90-cı illərdə ara dəyişdi, sponsorlar da imtina etdi. Kinonun da ağır vaxtları başladı. İndi dözə bilmərəm. Bütün bədənim ağrıyır. Stolun üstü dərmanlarla doludur. Nə qədər dərman içirsən-iç onsuz da ağrıyan yerin ağrıyacaq" deyə aktyor bildirib.
 
Ənvər Həsənov bir zamanlar rejissorların ən tələbatlı aktyoru olduğunu da bildirib.
"Hər kəs məni öz filmində çəkmək istəyirdi.. Bizim Sovet vaxtı imkan olmurdu ki, paralel iki filmə çəkiləsən. Əlisəttar Atakişiyev "Qərib Cinlər diyarında" baş rol Qəribi mənim üçün yazmışdı. Məndə onun şəkili də durur. O vaxt "Dərviş Parisi partladır" filmində də çəkildiyimə görə digər filmə çəkilə bilmədim. Bir dəfə də Tofiq İsmayılovun bir filminə məni təsdiq etmişdilər. O isə Rasim Balayevi çəkmək istəyirdi. Rasim də başqa filmdə çəkilirdi. Elə oldu ki, Rasim də o filmə çəkilmədi, mən də. Tofiq İsmayılovla da aramız soyumuşdu. Məndən sonra Rasim Balayev bu rolu oynadı. Heç kimlə düşmənlik etməmişəm" deyə sənətkar bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun