Bakıda silahlı insident törədib polisdən qaçan şəxs həbs edildi - FOTOlar - Yenilənib

12 Sentyabr 2024 18:39

18:39

Mənzilə silahlı basqın edərək polis əməkdaşlarına müqavimətdə təqsirləndirilən şəxs həbs edilib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Məlumatda deyilir ki, sentyabrın 9-da saat 21 radələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rauf İsmayılovun yaşadığı Bakı şəhərinin Binəqədi rayonunda yerləşən mənzilə naməlum şəxslər silahlı basqın edərək külli miqdarda pul tələb edib. Zərərçəkmişin övladının mənzildə quraşdırılmış müşahidə kamerası vasitəsilə görüntüləri izləyərək "102 Xidməti-Zəng Mərkəzi"nə verdiyi məlumat əsasında hadisə yerinə gələn polis əməkdaşlarına silahlı müqavimət göstərilib, polis əməkdaşları tərəfindən görülən cavab tədbirləri ilə silahlı basqında iştirak edən şəxslərdən 1972-ci il təvəllüdlü, əvvəllər dəfələrlə məhkum olunmuş Eldəniz Şükürov zərərsizləşdirilməklə məhv edilib, digər şəxs isə hadisə yerindən yayınıb.

Hadisə ilə əlaqədar Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Prokurorluq və polis əməkdaşlarından ibarət peşəkar istintaq-əməliyyat qrupu tərəfindən dindirmə, axtarış, baxış və sair təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib, basqında istifadə olunan 1 ədəd "Makarov" markalı tapança, giliz, əl-barmaq izləri və sair predmetlər maddi sübut qismində götürülüb.

Həyata keçirilən intensiv istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin digər iştirakçısı, 1994-cü il təvəllüdlü Orxan Abdullayevin şəxsiyyəti müəyyənləşdirilib.

Orxan Abdullayevin külli miqdarda gəlir əldə etmək məqsədilə Eldəniz Şükürovla qabaqcadan əlbir olub sahibkar Rauf İsmayılovun yaşadığı mənzilə silahlı basqın edib külli miqdarda pul vəsaiti tələb olunmasında iştirak etməsinə, hadisə yerinə gələn polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq zor tətbiq etməklə onlara müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Orxan Abdullayev Cinayət Məcəlləsinin 181.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə quldurluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, daşıma və ya gəzdirmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrində nəzərdə tutulan ittiham elan edilməklə təqsirləndirilən şəxs qismində cəlb edilib, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçiriən prokurorun təqdimatı əsasında barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etməklə, cinayətə aidiyyəti olan bütün şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.

------------
2024.09.10


Xəbər verdiyimiz kimi, sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, şübhəli şəxs hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Zərərçəkmiş Rauf İsmayılov Baku TV-yə bildirib ki, maskalı şəxs onun evinə özünü MTN əməkdaşı kimi təqdim edərək daxil olub:

"Qızım kameradan görüb ki, evə maskalı şəxs daxil olur. Buna görə polisə məlumat verib və dərhal evimə əməliyyat təşkil olunub".

2024.09.09
---------------

Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

Milli.Az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib.

Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı alınıb, şübhəli şəxs polis əməkdaşları tərəfindən xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Eldəniz Məmmədhüseyn oğlu Şükürov törədib.

Hadisə yerindən cinayət aləti olan "Makarov" tapançası aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun