Gələn ay Bakıda kirayə mənzillərin qiyməti azalacaq?

9 Sentyabr 2024 18:28

Bir neçə gündən sonra yeni dərs ili başlayır. Bölgələrdən Bakıdakı universitetlərə qəbul olunan tələbələrin paytaxta axını müşahidə olunur. Onların çoxu kirayə ev axtarır.

Hər il bu ərəfələrdə kirayə qiymətlərində artım qaçılmazdır.

Bəs bu bahalaşma nə qədər davam edəcək? Qiymət artımının təqribən hansı ayda səngiyəcəyi gözlənilir? azal vakansiya

Milli.Az bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bahalaşmaya təsir edən bir neçə amil var:

"Hər il bu ərəfələrdə kirayə mənzil bazarında bahalaşma, mənzil qıtlığı müşahidə olunur. Bu, tələbələrin Bakıya axını ilə əlaqədardır və qiymətlərə çox ciddi təsir göstərir.

Cari ildə digər illərdən fərqli situasiya yaranıb. Bu il "Formula 1" yarışları da kirayə qiyməti artıb, həm də otellərdə yerlər tam dolmuş vəziyyətdədir. Artıq bir çox mənzili qonaqlar öncədən kirayə götürüb. Bu məsələ də hər il mövsümi olan bahalaşmaya xüsusi təsir göstərir. 

Eyni zamanda, qarşıda bizi COP-29 tədbiri gözləyir, bu tədbir də şəhərdə sıxlıq yaranmasına və qonaq axınına səbəb olacaq. 

Bundan əlavə, kirayə mənzil bazarına təsir edən digər amillər mövcuddur: Bakı Şəhər İcra Hakimiyyətinin Baş Planına uyğun olaraq bir çox ərazilərdə söküntü işləri üçün hazırlıq görülür. Bu da həmin binalarda yaşayan insanların müvəqqəti olaraq kirayə qalması üçün mənzil axtarışına səbəb olur. Beləcə, bahalaşma sürətlənir.

Eyni zamanda, 30 ildən artıq müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması ilə Qarabağ bölgəsində infrastukturun bərpasına start verilib, ölkəyə əlavə investisiya cəlbinə şərait yaranıb. Azərbaycanın investisiya cazibədarlığı yüksəlib, buna paralel olaraq bir çox sahibkarların, investorların Bakıya axını müşahidə olunur və təbii ki, axın olduğu zaman kirayə mənzil seqmentində də bahalaşma və qıtlığın yaranması baş verir. 

Bütün bu amillər qiymətlərə təsir göstərdiyinə görə, builki situasiya əvvəlki illərlə müqayisədə fərqlidir".

Ekspert qeyd edib ki, bundan sonra kirayə bazarında qiymətlərin enəcəyini demək çətindir:

"Artıq əvvəlki illərdə olduğu kimi, "tələbələr yerləşdikdən sonra sentyabrın sonuna doğru qiymətlər enəcək" demək çətindir. Çünki Bakı şəhərindəki inkişaf, yenilənmə istər-istəməz kirayə bazarını aktivləşdirir. Həm alğı-satqıda, həm kirayə bazarında sadaladığımız amillərə görə qiymətlərin enəcəyindən söhbət gedə bilməz.

Hər hansı cüzi sabitləşmə ola bilər, amma bu, müvəqqəti xarakter daşıyacaq. Çünki qiymətlərin artan tempinin qarşısını alacaq hər hansı amilin yaranması istisnadır. Yalnız fors-major hadisələr baş verə bilər ki, situasiya dəyişsin, amma elə bir hadisə baş verməzsə, qiymət artımı bundan sonra da çoxalan şkala üzrə davam edəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun