"Ukrayna və Yaxın Şərqdə müharibələrin günahkarı kollektiv Qərbdir" - İranın Rusiyadakı səfiri

9 Sentyabr 2024 07:58

"Qərb öz hegemonluğunu möhkəmləndirmək üçün ixtilaflar və müharibələr törədir..."
 
Rusiya-Ukrayna müharibəsi, İsrailin HƏMAS-a qarşı müharibəsinin günahkarı kollektiv Qərbdir.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali SİTA informasiya agentliyinə müsahibəsində bəyan edib.
 
"Təəssüf ki, kollektiv Qərbin müdaxiləsi vəziyyəti gərginləşdirib və hər gün bu prosesi mürəkkəbləşdirir. Qərb bizə praktikada barışıq üçün iradəsinin büsbütün olmadığını göstərib", - diplomat Ukrayna qoşunlarının Kursk vilayətinin ərazisinə hərbi müdaxiləsini şərh edərkən qeyd edib.
 
Cəlali vuğulayıb ki, "Qərbin belə yanaşması təkcə Ukrayna ilə bağlı deyil".
 
"Adi vətəndaşların qətlə yetirildiyi Fələstində böyük cinayətlər baş verir. Biz görürük ki, amerikalılar hələ də İsrailə silah tədarük edir. BMT Təhlükəsizlik Şurasına atəşkəslə bağlı qətnamə qəbul etməyə imkan verilmir. Çox təəssüf ki, Qərbin yanaşması belədir. Onlar öz hegemonluğunu möhkəmləndirmək üçün ixtilaflar, müharibələr törədir", - İran diplomatı deyib.
 
Bu ərəfədə İranın Rusiyaya ön cəbhədə və yaxın arxa cəbhədə hədəflərin məhv edilməsi üçün "Fəth-360" ballistik raketlərinin verilməsi barədə Cəlali bircə kəlmə də deməyib.
 
Aydındır ki, o, həmçinin İranın İsraili hərbi cavaba təhrik edən HƏMAS terrorçu qruplaşmasını maliyyələşdirməsi və istiqamətləndirməsini də xatırlatmayıb.
 
İran vəsaitlərinin "Hizbullah"a, Yəmən husilərinə və üzdəniraq "Müqavimət hərəkatına" axını barəsində də İran səfiri bircə kəlmə də deməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun