DSK-nın qərarından 3 gün keçəndən sonra bizə müraciət edilə bilər.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 3 gün keçərsə, müraciətə baxa bilməzlər: "Görürük kənarda gedib deyirlər nə olsun 3 gün keçib, baxardılar. Amma belə deyil. Seçkidə biz bilsək ki, haradasa pozuntu var, onu dərhal müzakirə edirik. Amma kimlərsə dalaşıbsa və şikayət yoxdursa, biz buna baxa bilmərik. Bizim çəkinəcəyimiz heç bir məsələ yoxdur. Seçki günü 6478 məntəqədə seçki keçirilib. Bütün müşahidəçilər seçkini izləyib. Onların qarşısını heç kim ala bilməz. Barmaq sayı ilə sayıla biləcək məntəqədə xoşagəlməz hallarla bağlı sosial şəbəkədə yayılmışdı. Pozuntu olan şeyə biz pozuntu deyəcəyik. Amma kimlərinsə hay-küyünə görə ümumi seçkilərə kölgə salmaq olmaz. Pozuntudan pozuntuya çox fərq var. Elə pozuntu var nəticələrə təsir etmir. Amma yenə də bu pozuntu da cəzalandırılmalıdır. Amma bu hallara görə bizim çəkdiyimiz əziyyətə kölgə salmaq olmaz. Biz əziyyət çəkmişik. Seçkilər çox yüksək səviyyədə keçib".
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun