Olimpiya çempionu olan cüdoçulara mənzillər hədiyyə olundu

4 Sentyabr 2024 16:51

Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qələbə qazanan Azərbaycan cüdoçularının şərəfinə Bakıda mərasim təşkil olundu.

Milli.Az xəbər verir ki, Azərbaycan Cüdo Federasiyası tərəfindən təşkil edilən tədbirdə idmançılarımızın son Olimpiadada qazandıqları qələbənin ən maraqlı anlarını əks etdirən videoçarxlar nümayiş etdirildi.

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Milli Olimpiya Komitəsinin sədr müavini Çingiz Hüseynzadə və gənclər və idman naziri Fərid Qayıbov cüdoçularımızın qələbələri və ölkəmizdə idmana göstərilən diqqət barədə çıxışlar etdilər.

Tədbirdə Paris Olimpiadasının qalibləri Hidayət Heydərov və Zelim Kotsoyevə Beynəlxalq Cüdo Federasiyası tərəfindən qızıl medallar təqdim olundu.

1992-ci ilin Yay Olimpiya Oyunlarının qalibi Nazim Hüseynova, 2008-ci ilin Yay Olimpiya Oyunlarının qalibi Elnur Məmmədliyə, 2024-cü ilin Yay Olimpiya Oyunlarının qalibləri Hidayət Heydərov və Zelim Kotsoyevə, eləcə də Azərbaycanın əməkdar məşqçiləri Tərlan Həsənov və Elxan Məmmədova yeni mənzillərin açarları təqdim edildi.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun