Ləbibovun oğlu iki şəxsiyyət vəsiqəsi işlədirmiş - Həbs edildi

3 Sentyabr 2024 19:03

"Azərbaycan Nəşriyyatı" MMC-nin ("Azərnəşr") sabiq baş direktorunun birinci müavini Ləbib Ləbibovun oğlu Rəşad Ləbibov dələduzluqda ittiham olunur.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, iki nəfəri işə düzəltmək adı ilə aldadıb.

Ləbibov zərərçəkmişlərin şikayəti əsasında cinayət məsuliyyətinə cəlb edilib. Müəyyən edilib ki, o, dələduzluq yolu ilə 95 min manat pul ələ keçirib. İstintaq orqanı əvvəl onun həbsinə zərurət görməyib, məhkəməyə qədər barəsində alternativ qətimkan tədbiri seçilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilib.

Prosesdə zərərçəkmiş şəxslərdən birinin nümayəndəsi iş üçün əhəmiyyət kəsb edən bəzi məsələlər barədə məhkəməyə məlumat verib. O, təqsirləndirilən şəxsin iki şəxsiyyət vəsiqəsindən istifadə etdiyini məhkəmənin diqqətinə çatdırıb. Qeyd edib ki, bu, müttəhimin ölkədən çıxmasına gətirib çıxara bilər. Həmin səbəbdən seçilmiş alternativ qətimkan tədbirinin həbslə əvəz edilməsini xahiş edib.

Məhkəmə qısa araşdırmadan sonra təqsirləndirilən şəxsin əlavə "Kərimov Rəşad Ləbib oğlu" kimi ikinci şəxsiyyət vəsiqəsi daşıdığını təsdiq edib. Sözügedən hal təqsirləndirilən şəxsin istintaqdan yayınmasına səbəb ola biləcəyindən onun həbsinə qərar verilib. Müttəhim məhkəmə zalından istintaq təcridxanasına aparılıb.

İlk baxış iclası sentyabrın 17-si keçiriləcək.

Qeyd edək ki, Ləbib Ləbibov Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. O, uzun müddət "Azərbaycan Nəşriyyatı"nın baş direktoru Ağabəy Əsgərovun birinci müavini işləyib. A.Əsgərov 2021-ci ildə Prezidentin Sərəncamı ilə vəzifəsindən azad edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun